"Şamaxı"nın hücumçusu Tornike Axvledianin "Kəpəz"lə matçda vurduğu qolun videosunu qısa müddətdə nə az, nə çox 3 nəfər şəxsidə mənə atıb.
Səbəb ötən turdan sonra gürcüstanlı legioneri ağ yuyub, qara sərməyim idi.
Ümumiyyətlə, sosial şəbəkə hesablarımızda da tez-tez yazırlar ki, siz nəyisə bəyənəcəksiz?
Əlbəttə...
Məsələn, Kərim Rossinin Qəbələdəki qol sevinci.
Gəldiyi gündən həm meydanda, həm də ondan kənarda bir nümunə olub. İlk dəfə Sumqayıt stadionunda üz-üzə gələndə 7-8 yaşlı uşaqla elə səmimi söhbət etdi ki...
İndi də arasında o yaşda uşaqların olduğu tribunadan qol sevincini qeyd etdi.
Bu cür əcnəbilər faydalıdır. Balalarımıza futbolu sevdirə bilərlər. Qol sevincini qeyd etdiyi uşaqlara da sanki dünyanı verdi. Yerli oyunçular baxıb nəsə öyrənə bilər. Belə əcnəbilər gəldi də bizmi bəyənmədik?
Olsun Ayman Boali. "Kəpəz"lə görüşdə əla qol vurdu, super məhsuldar ötürmə ilə yadda qaldı. Adamın topa toxunuşundan səviyyə yağır, həzz alırsan.
Tornike Axvledianiyə də təbrik düşür. 90 dəqiqə ciddi heç nə ilə yadda qalmasa da vurduğu qolla "məni belə erkən siyahıdan silmə" mesajı verdi.
Amma onu da unutmayaq ki, yaxşı pullar qarşılığında ölkəmizə gələn yadellilərin işi baxımlı qol vurmaq, əla oyun sərgilmək olmaldır. Bunda təəccüblü nəsə yoxdur.
Bizi narahat edən ölkəmizdə papağını günə verən legionerlərdir.
Belədə ikincilərdən daha çox yazmağımız, danışmağımız tam təbiidir.
Narahat olsanız belə...
XANOĞLAN/ SPORTİNFO.AZ
