Premyer Liqada “qəbirqazan” baş məşqçi - Beş həmkarını işsiz qoydu

17:40 Şamaxı 173
Premyer Liqada “qəbirqazan” baş məşqçi - Beş həmkarını işsiz qoydu

Azərbaycan futbolunda yeni «qəbirqazan» peyda olub.

Onun xüsusi təqdimata ehtiyacı yoxdur.

Üç ildir Premyer Liqada baş məşqçi olaraq kimlik göstərən Azər Bağırov ötən müddət ərzində nə az, nə çox, düz 5 həmkarının «axırına çıxıb».

Öncə «Araz-Naxçıvan»la, sonra «Kəpəz»lə elitada addımlarını atan çalışdırıcı indi də «Şamaxı» ilə qaldığı yerdən yoluna davam edir.

2024-cü ilin sentyabrında Roman Qriqorçuku «Neftçi»dən yola salan odur.

Tovuzda «ağ-qaralar»ı qəbul edən «Kəpəz» 4:1 qalib gəlir. İlk dövrənin doqquzuncu turuna təsadüf eləyən matçda qeydə alınan böyükhesablı yenilgi ilə barışmayan bakılı rəhbərlik ukraynalı mütəxəssisin qalmasını məqbul saymır.

2025-ci ilin noyabrında Azər Həşimovu «Karvan»dan yola salan odur,

12-cu turdakı ev oyununda “Kəpəz”ə uduzaraq (1:2) sonuncu pilləyə düşən Yevlax təmsilçisi baş məşqçisi ilə vidalaşır. 12 oyuna 5 xal toplanılmasını Azər Həşimova bağışlamırlar.

Mövsümün əvvəlində baş məşqçi postuna təyinat alan elitanın debütantı uğursuzluqda əsas günahkar olaraq onu bilir.

2026-ci ilin yanvarında Elmar Baxşıyevi «Araz-Naxçıvan»dan yola salan odur.

Muxtar Respublika komandası ölkə kubokunun 1/8 final mərhələsində «Kəpəz»ə Mərdəkanda 1:2 hesabıyla uduzur və yarışla erkən vidalaşır.

Bu hadisə Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun səbr kasasını daşırır. O, Baxşıyeə məhz bu yenilgini irad tutaraq,
de-fakto sahibi olduğu klubdan göndərir.

Premyer Liqada 2026/27-ci il mövsümünün hələlik altı həftəsi geridə qalıb. Bu qısa zaman kəsiyində iki klub sükançısı ilə vidalaşıb.

Üçüncü turda «Şamaxı» ilə evdə qolsuz bərabərə qalan «Qəbələ» Kaxaber Sxadadzenin müqaviləsinə birtərəfli qaydada xitam verdi.

Altıncı turda Şamaxı səfərində 1:2 hesablı məğlubiyyətə uğrayan «Araz-Naxçıvan» Cavid Hüseynovu görəvdən uzaqlaşdırdı.

Əlbəttə, futbolda təsadüfi nəticələr olur. Amma bir hal dəfələrlə təkrarlanırsa, buna artıq «təsadüfdür» demək olmur.

Azər Bağırovu həmkarlarına münasibətdə qəddarlıqda suçlamaq da qeyri-mümkündür. O, qeyri-adi iş görmür, sadəcə, öz işini görür. Və bu, onda heç də pis alınmır.

Çoxdankı sözümüzdür, əgər Bağırov fikrini yalnız olduğu yerə versə, uzun müddət Premyer Liqa səhnəsindən tribunaları salamlayacaq.

Gözü orada-burada qalmasa, tezliklə ölkənin ən reytinqli iki-üç məşqçisindən biri səviyyəsinə yüksəlməyə potensial namizəddir.

Hazırda da «Şamaxı»ya gül qoxulu futbol oynadır. İzlədikcə, zövq almaq mümkündür. Təki bundan qoltuqlarının altı şişməsin və arxayınlaşmasın.

Bir yerdə çalışdığı halda, başqa klublarla gizli danışıqlar aparmaq kimi bir xasiyyəti var onun, tanıyanlar bilir. Köhnə «xəstəliy»i yenidən baş qaldırmasın təki, «Şamaxı» ilə yaxşı yerlərə gələcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...