Yenidən başqa iş yeri tapmaq “xəstəliy”inə yoluxmasa...

15:00 Şamaxı 138
Yenidən başqa iş yeri tapmaq “xəstəliy”inə yoluxmasa...

«Şamaxı» Azər Bağırovla ilk ilinə yaxşı başlayıb.

Beş tura 6 xal yenilənmiş komanda üçün qəşəng göstəricidir.

Nəzərə alaq ki, «Şamaxı» hələ ev oyununa çıxmayıb, bütün rəqibləri ilə səfərdə qarşılaşıb.

Doğma rayona dönəndən sonra daha xoş təsir bağışlayacaqlarına şübhə eləmirəm.

Ümumiyyətlə, bu qənaətdəyəm ki, «Şamaxı» Premyer Liqada qalmaq mücadiləsi verməyəcək, «zirzəmi yarışı»nı bir qədər kənardan izləyəcək. Oynadıqları pozitiv futbolda məndə belə bir ümid yaradıb.

Edqar Adilxanovun 1 il sonra təkrar ön plana çıxmasına sevinirəm. Qusarlı balası perspektivlidir və başına hansısa pis iş gəlməsə, ağır zədə almasa, bu sezon onun sezonu olacaq.

Tfu-tfu, göz dəyməsin, artıq iki qol vurub və düşünürəm ki, Ayxan Abbasov onu tezliklə milliyə çağıracaq.

Edqarın yüksəlişi digər gənclərə örnəkdir. Qoy, həmyaşına baxıb, ürəklənsinlər və inansınlar. Ki, mən də belə ola, oynaya, forma yığa və artıra bilərəm.

Bundan qazanan ilk növbədə özləri olacaq. Qiymətə minəcəklər, imkanlı klublar ləpirində gəzəcək.

Azər Bağırovun nəyi də olmasa, əhval-ruhiyyəni qaldırmaq, futbolçusuna «qaz» vermək bacarığı var, bunu heç kim dana bilməz.

O. bir qədər keçəndən sonra yenidən başqa iş yeri tapmaq «xəstəliy»inə yoluxmasa, «Şamaxı»ya neçə-neçə gənc bəxş edəcək.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti