"Qarabağ"dan təklif alan qapıçı: "Azərbaycandan ayrılmağımın səbəbi başqadır"

20:00 Müsahibə 232
"Qarabağ"dan təklif alan qapıçı: "Azərbaycandan ayrılmağımın səbəbi başqadır"

Ötən mövsüm "İmişli"nin uğurlu çıxış etməsində Andrey Snenkanın payı böyük idi.

Belaruslu qapıçı bu yay ölkəmizi tərk edərək vətəninə qayıtdı. Halbuki ona Premyer Liqadan bir neçə təklifin olduğu deyilirdi.

Onunla söhbətdə elə bu məqamda da aydınlıq gətirməyə çalışdıq.

- Vətənində işlərin necə gedir?

- Hər şey qaydasındadır. Hazırda şəxsi səbəblərə görə ölkədə qalmaq qərarına gəldim. Oynayıram, oyun praktikası qazanıram, keyfiyyətli oyun nümayiş etdirməyə çalışıram. Hər şey normaldır.

- Azərbaycan Premyer Liqasına baxmaq imkanın olur?

- Bəli, izləyirəm. İmkan olduqca oyunların icmallarını izləyirəm.

- "İmişli" 6 oyunda 1 qələbə qazanıb. Komandanın belə uğursuz olmasının səbəbini nədə görürsən?

- Bu suala cavab vermək mənim üçün çətindir. Amma uşaqlara uğurlar arzulayıram və ümid edirəm ki, qələbələr gələcək.

- Uğurlu mövsüm keçirdiyin halda "İmişli"də niyə qalmadın?

- Bizim yollarımız qarşılıqlı razılaşma əsasında ayrıldı. Belə lazım idi.

- Amma son turlarda da səni heyətdə görmədik. Zədədən sağaldıqdan sonra da rəsmi oyunlarda meydana çıxmadın. Bununla bağlı müxtəlif söz-söhbətlər dolaşırdı. Bəs həqiqət nədən ibarət idi?

- Məlum idi ki, mən komandada qalmayacağam və qarşıya qoyulan vəzifə artıq yerinə yetirilmişdi. Buna görə də rəhbərlik digər futbolçulara özlərini göstərmək imkanı vermək qərarına gəldi.

- Vətənə qayıtmağının səbəbi başqa təkliflərin olmaması idi, yoxsa başqa səbəb var idi?

- Səbəb başqa idi. Bu barədə danışmaq istəmirəm. Amma gələcəkdə məmnuniyyətlə Azərbaycana qayıdaram.

- Bir dönəm adın "Qarabağ"la çəkilirdi. Həqiqətən, təklif almışdın?

- Bu barədə nəsə bilmirəm.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti