Premyer Liqanın 4-cü turunun ilk oyun günündə “Kəpəz” öz meydanında “Şamaxı”nı qəbul edəcək.
Əvvəlki illər olsaydı, bu qarşılaşmanın xüsusi önəmi olmazdı. Sadəcə çempionatda qalmaq uğrunda mübarizə aparan komandaların dueli kimi qələmə verilərdi.
Lakin indiki məqamda əsla və əsla.
Gəncəli fanatlar Azər Bağırovun başına and içir. Həmin Bağırov ki, iki mövsüm “Kəpəz”i elitada saxlamağa nail olmuş və bununla da gəncəli azarkeşlərin sevgisini qazanmışdı. Bu adam Nizami yurdunda kifayət qədər tanınır və sevinir.
Lakin bu dəfə Gəncədə meydan sahibləri yox, qonaqlar üçün ayrılmış texniki zonada yer alacaq. “Şamaxı”nın baş məşqçisi qismində yerli komandanı büdrətməyə çalışacaq.
“Şamaxı”nın çalışdırıcısı üçün xeyli müddət yaşadığı və işlədiyi şəhərdə qonaq kimi görünmək əlbəttə ki, asan olmayacaq. Söhbət peşəkarlıqdan gedirsə, o, buna məhkumdur. Hazırkı komandasının uğur qazanması üçün çalışmalıdır.
Bir maraqlı məqam da var. Bu gün “Kəpəz”in “sükanı” arxasında gəncəli Azər Məmmədov dayanıbsa, əsas köməkçisi də əslən gəncəli Etibar İbrahimovdur.
İkilinin “sarı-göylər”lə yaşadığı əvvəlki dönəm uğursuz alınmışdı. Sıralanan uğursuzluqdan sonra istefa vermək məcburiyyətində qalmışdılar. Yerli məşqçilər gəncəli tərəfdarların sevgisini qazana bilməsə də, Bakıdan gedən Bağırov buna artıqlaması ilə nail olmuşdu.
Odur ki, “Kəpəz”in “Şamaxı”ya məğlubiyyəti, hətta heç-heçə etməsi belə, stadionda Azər Bağırovun ad-soyadının səslənməsinə, Məmmədov-İbrahimovun tənqidlərlə üzləşməsinə səbəb ola bilər.
Çempionatda eyni məqsəd uğrunda mübarizə aparan kollektivlərin duelinin kifayət qədər maraqlı alınacağına şübhə yoxdur. Hesab neçə olur-olsun, bundan qazanan azarkeşlər olacaq.
Odur ki, xalçaları salın, Gəncəyə Azər Bağırov gəlir.
HƏBİB / SPORTİNFO.AZ
