Son günlər Azərbaycan idman mediasında “Şamaxı" klubundakı rəhbər dəyişikliyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
O cümlədən, qismən haqlı narazılıq ifadə edilir.
Bununla bağlı Premyer Liqa təmsilçisi iyulun 8-də mətbuat xidməti vasitəsilə rəsmi məlumat yayıb.
Bildirilib ki, “Şamaxı Futbol Klubu" İctimai Birliyinin təsisçilərinin və idarə heyətinin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində və digər əlaqədar qurumlarda olan zəruri qeydiyyat prosedurları davam edir: “
Bu qeydiyyat prosedurlarının ilkin mərhələsi yekunlaşıb. Hal-hazırda “Şamaxı Futbol Klubu" İctimai Birliyinin idarə heyətinin yeni sədri kimi Elçin Arif oğlu Usub qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydiyyata alınıb.
Müvafiq təsdiqedici sənədlər Ədliyyə Nazirliyi tərəfindən klubun hazırkı rəhbərliyinə 06 iyul 2022-ci il tarixində təqdim edilib.
Qanunvericiliyə uyğun olaraq bütün prosedurlar yekunlaşdıqdan sonra komandanın bütün heyəti, məşqçilər və oyunçular ilə əlaqədar son qərarlar veriləcək.
Həmin qərarlar, habelə klubun yeni idarəetmə və inkişaf strategiyası ilə bağlı tezliklə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Bu bəyanatdan 13 gün keçir. Avqustun 5-də Premyer Liqada yeni mövsümə start veriləcəyi də məlumdur.
Naməlum olan klubun idarəetmə aparatındakı dəyişikliyin rəsmiləşmə tarixinin uzanmasıdır. Təbii ki, bunun səbəbi, yaxud səbəbləri var.
Redaksiyamıza daxil olan məlumata görə, “Şamaxı” sıfırdan “qurulur”. Necə deyərlər, əyalət təmsilçisi “Keşlə”nin varisi olaraq çıxışını davam etdirməyəcək və bu da boşuna deyil.
Məsələ ondadır ki, “Keşlə” ilə bağlı hüquqi sənədləşmədə müəyyən problemlər mövcuddur və onların aradan qaldırlması xeyıi vaxt aparacaq.
Bura bəzi borc öhdəlikləri də daxildir. Odur ki, “Şamaxı”nın yeni rəhbərliyi həm əlavə xərclərdən qurtulmaq, həm də sənədləşmədə daha uzun zaman itkisinə yol verməmək üçün prosesi öz axarına buraxıb.
SPORTİNFO.AZ

