Azərbaycanın qadınlardan ibarət şahmat üzrə milli komandası Ümumdünya Şahmat Olimpiadasının doqquzuncu turunda Çexiya yığmasını darmadağın edib.
Kişilərdən ibarət millimiz isə turnirdə ilk məğlubiyyətini alıb.
Sportinfo.az xəbər verir ki, qadın millimiz Çexiya üzərində 4:0 hesablı “quru” qələbə qazanıb.
Komandamızın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Bəydullayeva, Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərinə qalib gəliblər.
Kişilərdən ibarət milli komandamız isə Ermənistan yığmasına 1,5:2,5 hesabı ilə uduzub. Dördüncü lövhədə çıxış edən Rauf Məmmədov məğlub olub. Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı və Məhəmməd Muradlı isə partiyalarını heç-heçə ilə başa vurublar.
Bu, Azərbaycan kişilərdən ibarət millisinin Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında ilk məğlubiyyətidir.
Doqquzuncu turun yekunlarına əsasən Azərbaycan yığmalarının turnir cədvəlindəki dəqiq mövqeyi günün bütün qarşılaşmaları başa çatdıqdan sonra bəlli olacaq.
