“Qarabağ” və “Sabah” evdə qələbə seriyasını davam etdirir.
Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasının favoritləri 6-cı turda da doğma arenadakı matçdan qalibiyyətlə ayrılıb.
“Qarabağ” debütant “Şəfa”nı 1 qolla üstələyibsə (1:0), “Sabah” “İmişli”dən 3 xalı 3 topla (3:1) alıb. Bununla hər iki komanda cari mövsüm evdə ardıcıl 3-cü qələbəsini qazanıb.
Hesabat turunda “Zirə”ni 1:0 hesabı ilə üstələyən “Turan Tovuz” isə evdə məğlubiyyətsizlik seriyasını 4 oyuna yüksəldib. Tovuzlular bu qarşılaşmaların 3-də qələbə qazanıb, 1-də heç-heçə edib.
“Zirə” və “Araz-Naxçıvan” isə səfərdə xal üzü görməyib. Qəsəbə təmsilçisi bu mövsüm 2 dəfə qonaq qismində çıxış edib və hər iki halda rəqiblərinə yenilib.
Rəşad Sadıqovun yetirmələri “Turan Tovuz”la oyunda olduğu kimi, 4-cü turda “Sabah” səfərində də (0:5) qol vura bilməmişdi.
“Araz-Naxçıvan” isə “Neftçi” və “Qarabağ”dan sonra “Şamaxı”ya da səfərdə uduzub – 1:2.
