“Keyfiyyət cəhətdən futbolçularımızda üstünlük hiss olunur”

03:30 Milli komanda 121
“Keyfiyyət cəhətdən futbolçularımızda üstünlük hiss olunur”

Azərbaycan millisinin Tacikistan yığması ilə yoldaşlıq görüşündə qalib gəlməsi UEFA Millətlər Liqasında Litva seçməsinə qarşı matçdan əvvəl vacib idi.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında millinin sabiq futbolçusu İlham Yadullayev deyib.

Mütəxəssis Tacikistanla qarşılaşmadan öncə uğur gözlədiyini bildirib:

"Qalib gəlmək sevindirici haldır. Oyunun gedişatında birinci hissə çətin alındı, hücum təşkil edə bilmirdik. Rəqib təzyiq etməyə çalışırdı. İkinci hissədə dəyişikliklər oldu. Düşünürəm ki, komanda topa nəzarət etdi, hücumlar qurdu. Oyundan olmasa da, standart vəziyyətdən fərqləndik. Tural Bayramovun qolu baxımlı alındı".

O, komandadakı rotasiyalara və rəqibin oyun üslubuna da toxunub:

"Oyunda rotasiyalar nəzərə çarpırdı. Milli komandada ilk dəfə heyətdə yer alan yeni oyunçular oldu, debütlərini qələbə ilə qeyd etdilər. Qarşılaşmada futbolçularımızın keyfiyyəti hiss olunurdu, komandamız səviyyəcə üstün idi. Rəqib barəsində onu deyə bilərəm ki, təzyiqli futbol oynayıb, hər epizodda əzmkarlıq göstərməyə, ikili mübarizələrdən qalib çıxmağa çalışırdılar. Ən vacib məqam Litva ilə matçöncəsi qələbə qazanmaq idi və bu, milliyə motivasiya verir".

Mütəxəssis növbəti rəqib olan Litva seçməsi haqqında da fikirlərini bölüşüb:

"Litva kollektivinin Gürcüstan millisi ilə yoldaşlıq görüşünü izləmişdim. Çox güclü, dinamik və fiziki cəhətdən üstün komandadır. Hətta Gürcüstan yığmasına qarşı üstün futbol oynayırdılar. Gürcülər fərdi keyfiyyət hesabına 2:0 hesabı ilə qalib gəldilər. Litva kifayət qədər yaxşı rəqibdir və düşünürəm ki, ağır oyun olacaq. Baş məşqçi Ayxan Abbasov oyunçulara motivasiya verəcək. Keyfiyyət cəhətdən futbolçularımızda üstünlük hiss olunur, bunun sayəsində lazımi nəticəni qazana bilərik".

Azərbaycan millisi ötən gün yoldaşlıq görüşündə 1:0 hesabı ilə qalib gəlib. Komanda növbəti matçını UEFA Millətlər Liqasında sentyabrın 27-də Litva seçməsinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM