Azərbaycan millisi yoldaşlıq görüşündə Tacikistanı məğlub etdi. Qarşıda Litva ilə ağır və vacib oyunun gəldiyini nəzərə alsaq, qələbənin yerinə düşdüyünü demək olar.
Bu qələbə daxildəki psixoloji ab-havanı yaxşılaşdırmış olacaq. İstənilən halda qələbə xoşdur. Rəqib zəif olsa belə, qələbə qələbədir. Bu futbolçuların əhval-ruhiyyəsinə, qələbə ruhuna və özünə inamına yalnız müsbət təsir göstərə bilər.
Təbii ki, narahatlıq doğuran məqamlar da yox deyil. Xüsusilə heyətdəki futbolçuların böyük əksəriyyətinin klublarında müntəzəm oynamaması ciddi problem yarada bilər.
Təsəvvür edin, start heyətində meydana çıxan futbolçulardan yalnız Emil Balayev və Rəhman Daşdəmirov klublarında birmənalı şəkildə əsas heyət üzvü hesab olunur. Digər futbolçuların heç də hamısı klublarının əsas heyətində yer almır.
Hətta Emin Mahmudovun da son dönəmlərdə 50-60 meydanda qalıb əvəzləndiyini görürük. O bel “Neftçi”də hazırda əsas heyətin dəyişməz üzvü deyil.
Ehtiyat oyunçular skamyasına baxsaq, burada Rüfət Abbasov “Neftçi”nin daimi əsas heyət üzvü hesab olunur. “Rakov”da çıxış edən Mahir Emreli üçün də eyni sözləri demək olar.
Amma ehtiyat skamyasındakı digər futbolçuların mütləq əksəriyyəti klublarında daha çox ehtiyatdan meydana daxil olurlar. Əsas heyətdə meydana çıxsalar belə, erkən dəqiqələrdə və ya ikinci hissədə əvəzlənirlər.
Bu da təbii olaraq futbolçulara psixoloji baxımdan təsir edir. Çünki klubunda əsas heyət üzvü hesab olunmayan futbolçu özünü meydanda tam rahat hiss etməyə bilər. Eyni zamanda, oyun təcrübəsinin azlığı da milli komandada özünü göstərə bilər.
Bir sözlə, Tacikistan üzərindəki qələbə ilə milli komandamız Litva səfərinə yaxşı ab-havada, qələbə əhval-ruhiyyəsində yollandı. Amma məşqçilər korpusunu narahat edən məqamlar da yox deyil.
Belədə daha çox iş Ayxan Abbasovun üzərinə düşəcək. Təcrübəli mütəxəssisin klub səviyyəsində aşağı büdcə və heç də yüksək keyfiyyətli olmayan futbolçularla “Zirə”də, “Turan Tovuz”da, “Şamaxı”da və “Sumqayıt”da yaxşı nəticələr qazanmağı bacarıb. Güclü rəqiblərə qarşı yaxşı taktiki plan qurmağı ilə ön plana çıxıb. Az sürprizlər etməyib.
Ümid edək ki, bu dəfə də Ayxan Abbasov Litva səfərində milli komandamızla oxşar uğur qazanacaq və qələbə ilə azarkeşləri, hamımızı sevindirəcək.
XANOĞLAN/ SPORTİNFO.AZ
