Azərbaycanda ikinci mövsümünü keçirən Dioqo Almeyda klubunu dəyişməyə hazırlaşır.
Portuqaliyalı hücumçu «İmişli»dən ayrılmaq üçün gün sayır.
Ötən mövsüm Premyer Liqada 10 qol vuran 25 yaşlı avropalı indi burada özünü suda balıq kimi hiss etmir. Onun Fərid Namazovla problemi var.
İyunda sükan arxasına keçmiş gənc mütəxəssisin taktiki planlarını və ona yanaşmasını qəbul eləməyən Almeyda artıq bir neçə kluba mesaj göndərib.
Adıçəkilən forvard qış fasiləsində yerini dəyişmək istədiyini bildirib. Almeyda əmindir ki, Namazov baş məşqçi postunda qalacağı təqdirdə, həm özü, həm də komanda yoldaşları geriləyəcək.
«İmişli»yə Portuqaliyanın birinci liqasından «Çaveş»dən gəlmiş ön xətt oyunçusu cari sezonda iki qola imza atıb.
Almeydanın müqavilə müddəti 2027-ci ilin iyununadək qüvvədədir. Aranlılar sözügedən əcnəbini buraxsa, bu, bir «hava öpüşü» ilə olmayacaq.
Yüzdəyüz təzminat tələb edəcəklər. Həmin məbləğ hazırda 150 min dollardan aşağı deyil.
Halbuki 2026-cı ilin yanvarında bu rəqəm 400 min dollaradək yüksəlmişdi. Onda İsraildən hücumçu ilə maraqlanan iki klub var idi.
300 min dollar ödəməyə razı idilər. «İmişli» rəhbərliyi qiymətdə güzəştə getmədiyindən, keçid reallaşmamışdı.
SPORTİNFO.AZ
