Premyer Liqada “Sabah” fırtınası davam edir.
Çempionlar Liqasının Liqa mərhələsinə yüksələn kollektivin daxili yarışlarda əziyyət çəkəcəyini, vacib xallar itirəcəyini düşünənlər hələ ki, gümanında yanılmaqdadır.
Avropanın bir nömrəli klub turnirində 9 oyun keçirən “bayquşlar” elitada 5 matçda meydana çıxıb və bütün hallarda meydanı 3 xalla tərk edib. Rəqib qapılarından 14 top keçirib (bu göstəricidə 18 qol vuran “Neftçi”dən geri qalır – H.), öz qapısından cəmi 1 top buraxıb ki, bu göstəricidə ən yaxşıdır.
Valdas Dambrauskas az qala hər görüşdə rotasiyalar edir, əsas heyəti fərqli futbolçulardan qurur, di gəl, mühərrik saat kimi işləyir. Zərrə qədər də o yan, bu yanı yoxdur. Sanki “Sabah”ın oyunu proqramlaşdırılıb.
Kimsə rəqiblərin adını və gücünü qabardıb “cücəni payızda sayarlar” iddiası ilə “Sabah”ın növbəti dəfə çempion olmayacağını deyə bilər. “Zirə” üzərində əldə olunan 5:0 hesablı qələbə yəqin ki, iddia üçün tutarlı cavab olar.
“Sabah” ötən mövsümkü “qızıl dubl”un boşuna olmadığını Çempionlar Liqasında dünyanı təəccübləndirməklə göstərdi. Görünən odur ki, bu şəkildə də irəliləyəcəklər.
Komandanın oyunu göz oxşayır. Heyət kifayət qədər genişdir. Çempionlar Liqasındakı hər oyun futbolçuların təcrübəsini artırır. VƏ ən əsası, “Qarabağ”, “Neftçi”, “Turan Tovuz”, “Zirə” kimi əsas rəqiblərdən fərqli, Avropada çıxış etməklə komanda daim tonusda qalır, beynəlxalq arenaların sürətinə öyrəşir, buradakı rəqiblərinə də tətbiq edir.
“Qarabağ” hələ ki, gözlənilən səviyyəyə çatmayıb. 5 oyunda 9 qol vurub 4-nü buraxmaq görməyə alışdığımız “Qarabağ”a xas deyil. İstər hücim, istərsə də müdafiə xəttindəki nöqsanlar “Sabah”ı ümidləndirir, növbəti çempionluq istəyini artırır.
“Sabah” üç cəbhədə mübarizə apara bilməyəcək, yorulacaq, daxili yarışlara köklənə bilməyəcək, zədəli və cəzalı futbolçular baş məşqçinin işini çətinə salacaq, “Qarabağ” özünə gəldikcə çempionluq uzaqlaşacaq – bu gün bu ehtimalların hər biri havadan asılı vəziyyətdə qalıb, zərrə qədər də reallığa söykənmir.
Real görünən odur ki, bu templə, bu gedişatla “Sabah” ikinci “qızıl”ı qazanacaq.
“Çəhrayı-qaralar” qarşıdakı 3 turda 2 vacib oyuna çıxacaq. 7-ci turda “Neftçi”nin qonağı olacaq, 9-cu futbol həftəsində “Qarabağ”ı qəbul edəcək.
Bax, bu iki oyun çox suallara aydınlıq gətirəcək. Mövsümün startı olsa belə.
HƏBİB / SPORTİNFO.AZ
