Premyer Liqanın 2023/24 mövsümünün parlayan simalarından biri də İbrahim Ramazanov olmuşdu.
“Qəbələ”nin yetirməsi həmin mövsümün son 5 turunda yaxşı oyun sərgiləyərək hətta “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun diqqətini cəlb etmişdi.
19 yaşlı stoper “Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışında iştirak etmişdi. Lakin toplanışın yekununda futbolçu ilə müqavilə bağlanmamasına qərar verildi.
Bu da həmin mövqedə “Qarabağ”da ciddi rəqabətin olması ilə əlaqələndirilirdi. Qurban Qurbanov gənc futbolçuya daha çox oynaya biləcəyi komandaya getməsini tövsiyə etmişdi.
Ardınca Ramazanovun xidmətində maraqlı olan “Turan Tovuz” klubu onunla anlaşdı.
Özü də potensialına güvənərək 3 illik müqavilə imzaladı.
Lakin Qurban Qurbanovun tövsiyəsindən sonra daha çox oynaya biləcəyi komandaya gedən futbolçu "Turan"da iki il ərzində demək olar ki, şans qazana bilmədi. Bir neçə dəfə digər Premyer Liqa klubları onu icarəyə götürmək istəsə də, ona razılıq verilmədi.
Ötən yay İbrahim Ramazanov “Turan Tovuz”la müqaviləsini qarşılıqlı razılıq əsasında pozdu və karyerasını Birinci Liqanın autsayderi “Zaqatala”da davam etdirməyə başladı. Təbii ki, iki il ərzində oyun praktikası olmayan futbolçuya elitadan təklif gəlməsi asan deyildi. Oyun təcrübəsi olmayan gəncə heç aşağı liqanın iddialı klubları maraq göstərmədi.
Beləcə, bir vaxtlar parlayan və hətta “Qarabağ”ın diqqətini çəkən gənc futbolçu iki il ərzində oyun praktikasından məhrum olaraq Birinci Liqaya qədər gerilədi.
İbrahimin parlaması ilə tənəzzülü arasında cəmi iki illik dövr oldu.
Və beləcə daha bir gəncimiz itirmiş olduq.
Təki yanılaq və gənc futbolçu yenidən özündə.güc taparaq, toparlanaraq elitaya qayıtsın.
Əks halda, ona çox heyf...
XANOĞLAN/ SPORTİNFO.AZ
