21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun matçında Çexiya ilə 1:1 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Rəşad Eyyubov matçdan sonra keçirilən brifinqdə sualları cavablandırıb:
- İntensivliyi yüksək olan oyun keçirdik. Hiss edirdim ki, uşaqlara çətindir. Çünki oyun praktikasında çatışmazlıqlar var idi. Əsas odur ki, yaxşı nəticə əldə etdik.
- İlk oyunda bu rəqibə səfərdə 0:5 hesabı ilə məğlub olmuşduz. Nəyi dəyişə bildiz?
- Birinci oyundan 3-4 gün əvvəl milliyə gəlmişdim. Uşaqların çoxusunu yaxşı tanımırdım. Bu oyun bizim üçün tam fərqli oldu. Top rəqibdə olarkən başqa cür oynayırdıq.
- Əsas millidən olan futbolçular burada olsaydı, qələbə qazana bilərdiz?
- Uda da bilərdik, uduza da. Dəqiq cavab verə bilmərəm.
- Ayxan Abbasovdan həmin uşaqların U-21-də olmasını istəmişdiz?
- Rüfət, Edqar, Oruc, Rəvan öz oyunları ilə əsas milliyə layiq olduqlarını göstərirlər.
- Qarşıdakı oyunlardan gözləntiləriniz nədir?
- Proqnoz verməyi xoşlamıram. Oyunlara hazır olmalıyıq. 3-4 gün ərzində oyunçuları bərpa etməli və yaxşı oyun göstərməliyik.
- Lorentso Mezotteronun oyunundan razısınız?
- Bəli, razıyam. Birinci toplanışa baxanda indi oyun tərzini daha yaxşı başa düşür.
- Bundan sonrakı hədəf nədir?
- Tariximizdə ən çox 9 xal toplamışıq. Bu nəticəni yaxşılaşdırmaq istəyirik.
- Nəriman Axundzadənin çıxışından razı qaldız?
- Tam razı qaldım. Toplanış zamanı özünü çox peşəkar aparırdı. İnanıram ki, növbəti oyunlarda da bizə xeyir verəcək.
- Aşağı yaş qruplarından U-21-ə namizəd oyunçular var?
- İzləyirik. Təəssüflər olsun ki, azdır.
- Legioner limitinin ləğv edilməsi buna təsir edir?
- Əlbəttə edir. Amma mən hər bir limitə qarşıyam. Düşünürəm ki, kim yaxşıdırsa, o da oynamalıdır.
