“Qarabağ” və “Sabah” altıncı həftədə - Nə göstərdilər?

09:40 Araşdırma 140
“Qarabağ” və “Sabah” altıncı həftədə - Nə göstərdilər?

“Qarabağ” Premyer Liqanın altıncı turunda doğma meydanda “Şəfa” üzərində 1:0 hesablı qələbə qazandı.

Qarşılaşmanın yeganə qolu ikinci hissədə penaltidən vuruldu.

Bu matç “Qarabağ” üçün klassik mənada nəticəyə hesablanmış oyunlardan biri oldu. “Şəfa” müdafiədə uzun müddət rəqibinə ciddi qol epizodları yaratmağa imkan vermədi.

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov da oyundan sonra bildirib ki, penaltiyə qədər “Qarabağ”ın 100 faizlik qol epizodu olmayıb.

O, komandasının fiziki baxımdan üç gün əvvəl keçirilmiş “Sabah” oyununun təsirini hiss etdiyini də qeyd edib.

Bu qarşılaşmada nəticəni müəyyən edən əsas hadisə penalti epizodu oldu. “Şəfa” tərəfinin matçdan sonra penalti qərarına münasibəti də qarşılaşmanın müzakirə olunan məqamlarından birinə çevrildi.

Çempionluğun əsas favoriti sayılan “Sabah”a gəlincə, onların qələbə seriyası davam edir. “İmişli” üzərində 3:1 hesablı qələbə qazanaraq, ardıcıl beş oyunun hamısından qalib ayrıldılar.

Hesab 20-ci dəqiqədə Sadiq Məmmədzadənin avtoqolu ilə açıldı. Umarali Raxmonaliyev 35-ci dəqiqədə fərqi iki topa çatdırdı.

“İmişli” 90-cı dəqiqədə Ronaldo de Souzanın qolu ilə hesabı 2:1-ə endirsə də, cəmi iki dəqiqə sonra Luis Silvestr qırmızı vərəqə aldı. “Sabah” isə 90+5-ci dəqiqədə Kahim Parris vasitəsilə üçüncü qolu vurdu.

Matçın ən maraqlı hissəsi məhz son dəqiqələr oldu. “İmişli” hesabı azaltdıqdan sonra oyuna qayıtmaq şansı qazansa da, komandanın azlıqda qalması vəziyyəti dəyişdi və “Sabah” əlavə vaxtda üçüncü qolu vuraraq, qələbəni rəsmiləşdirdi.

“Sabah”ın mövsüm startında ən diqqətçəkən göstəricilərindən biri müdafiə sabitliyidir. Komanda 5 oyunda 14 qol vurub və cəmi 1 qol buraxıb.

Digər tərəfdən, bu görüş “Sabah” üçün əlamətdar idi. Masazırlılar Premyer Liqada 250-ci oyununu keçirirdi.

“Sabah” yubiley matçını qələbə ilə başa vurdu. Klub ilk 250 qarşılaşmada 112 qələbə, 62 heç-heçə və 76 məğlubiyyət əldə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!