Yeni mövsümün startına təxminən iki həftə vaxt qalsa da “Şamaxı”da hələ ayrılıqlar davam edir.
Bütünlüklə yenilənən komanda bu dəfə 14 illik işçisini itirib.
Söhbət hələ komanda ”İnter”adlanan zamandan bu klubda çalışan Əhməd Manafovdan gedir. Fan klubun rəhbəri olan Əhməd bəy redaksiyamızla əlaqə saxlayaraq, ayrılıqla bağlı bunları deyib:
“Klubdan dünən mənə zəng gəldi və işimizə xitam verildi. Bu həftə ərzində gedib rəsmi olaraq ayrılacağıq.
14 il işlədiyim "Keşlə"dən (əvvəlki adı "İnter") ayrılmalı oldum. Bu kluba gəncliyimi verdim. Qışda soyuqda, yayda istidə ev-səfər oyunları demədən komandanın yanında olduq.
Özüm də əslən bakılıyam. Bakının Masazır kəndindənəm. Mənə də pis təsir edər ki, gedib Şamaxıda yerli komandaya dəstək olum.
Çünki Bakı klubu deyil. "İnter" də, "Keşlə" də hər zaman iddialı olub. Bizim komanda indiki "Sabah" idi.
İki ölkə çempionluğu, ölkə kubokunun sahibi, gümüş, bürünc medallar qazanan komanda hara, indiki "Şamaxı" hara.
Baxıram ki, bu komanda iddiasız olacaq. Belə kluba adam könül də bağlamaq istəmir. Ona görə də rəsmi olaraq klubdan ayrılıram.
Daha əvvəl mətbuata açıqlamamda demişdim ki, Zaur Axundov nə qədər ki bu klubda olacaq, mən də burada qalacam.
Bu gün Zaur müəllim də burada yoxdur. Bundan sonrakı dönəmdə Şamaxı komandasına uğurlar arzu edirəm.
Daha bizim bu klubla heç bir bağlılığımız yoxdur. Və bu komandanı nə "İnter"in, nə "Keşlə"nin davamçısı kimi görmürük”.
XANOĞLAN

