"Çox riskli və məcburi qərardır - Maliyyə durumumuz buna imkan vermir"

4 May 2021 00:56 Səbail 993
"Çox riskli və məcburi qərardır - Maliyyə durumumuz buna imkan vermir"

"Maraqlı oyun oldu. Hər iki komanda avrokuboklara düşmək şanslarını böyük ölçüdə itirmiş sayılır.

Amma komandamın cüzi şansdan sonadək istifadə etməyə çalışması məni sevindirir".

bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, meydanda daha çox hücum edən tərəf onun rəhbərlik etdiyi komanda olub: "Topa nəzarət bizim tərəfimizdə idi. İlk hissədə gərginlik var idi.

Hər iki qapı qarşısında təhlükəli epizodlar oldu. Amma ikinci yarıda rəqib azlıqda qaldıqdan sonra daha rahat oynamağa başladıq, hücumlarımızın sayı çoxaldı.

Hesabı açdıqdan sonra müdafiədə risk edə bilməzdik. "Qəbələ"də əks-hücumlarda təhlükəli olan futbolçular var. Hər an fərdi ustalıqları hesabına rəqibi yaxalaya bilərlər. Həm oyundan, həm də nəticədən razı qaldıq.

Çətin dönəmlara baxmayaraq, mübarizədən qopmadılar. Onlara təşəkkür edirəm. Düşünürəm ki, son 3 turda da əllərindən gələni edəcəklər. Çempionatı nikbin notlarla bitirmək istəyirik".

Hacıyev sağ cinah oyunçusu Ürfan Abbasovun müdafiənin mərkəzindəki çıxışına da toxunub: "O, təcrübəli oyunçudur. Daha əvvəl "Qəbələ"də də bu mövqedə sınanıb.

Düzdür, özü mərkəz müdafiəçisi kimi oynamağı elə də xoşlamır. Çempionatda iki mərkəz müdafiəçisi ilə buradək gəlmişik. Çox riskli, eyni zamanda məcburi qərardır. Maliyyə durumumuz buna imkan vermirdi.

Bu gün də Ürfanı məcburiyyətdən həmin zonada oynatdıq. Buna baxmayaraq, oyunun ən yaxşılarından idi. Sonadək səhvsiz oynadı. Ən əsası, qələbə qazanmağımızda böyük pay sahibi olanlardandır".

Mütəxəssis Əfran İsmayılovun əvəzlənməsinin oyun vaxtı Hendrik Ekşteynlə mübahisə etməsi ilə bağlı olmadığını vurğulayıb: "Stresli oyun idi. Həm qol vurmaq, həm də top buraxmamaq istəmirdik.

Əfran yaxşı zərbə mövqeyində idi, sadəcə, anlaşmazlıq oldu. Normaldır, bunu o qədər də şişirtmək lazım deyil. İsmayılov meydanda ən yaxşılardan idi, çox iş gördü. Sona yaxın Ruslan Hacıyevə şans vermək istədiyimiz üçün onu əvəzlədik".

Hacıyev komandanın əsas müdafiəçisi Adil Nağıyevin bugünkü qarşılaşmada meydana çıxmamasının səbəbini də izah edib: "Məşqdə ayağında ağrılar hiss etdi.

Bundan sonra hazırlıqda iştirak etmədi. Hazırda müalicəsi davam edir. İnanırıq ki, yaxın günlərdə məşqlərdə iştirak edə biləcək. Həkimlərin rəyini gözləyirik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”