Azərbaycanın U-20 millisi I Liqada “Səbail” adı altında çıxış edə bilərmiş.
Bir müddət öncə AFFA-nın inzibati binasında bununla bağlı fikir mübadiləsi aparılıb.
“Səbail” rəsmiləri AFFA-nın məsul şəxsləri ilə masa arxasında söhbət edib.
Klubdan assosiasiyaya təklif olunub ki, AFFA “Səbail”in 280 min manatlıq borcunu bağlasın və bunun müqabilində “dənizçilər”in heyəti başdan-ayağa U-20-dən formalaşsın.
Portuqaliyalı çalışdırıcı Rui Jorjenin rəhbərlik etdiyi yığma gələn ilin payızında Azərbaycanda və Özbəkistanda keçiriləcək dünya çempionatında iştirak edəcək.
Mundiala hazırlıq məqsədi ilə U-20 millisinin I Liqada çıxış etməsi oyun təcrübəsinin yaxşılaşdırılması baxımından səmərəli ola bilər.
Yığma komandadakı futbolçular müxtıəlif klublara məxssus olsa da, heç biri Premyer Liqada şans qazanmır. Ən yaxşı halda Əvəzedicilər Liqasında top qovurlar.
Belə olduğu halda həmin oyunçuların klublarından 1 illik icarəyə götürülüb liqada top dalınca qaçması həm özlərinin, həm də dünya çempionatında iştirak edəcək millinin xeyrinə işləyər.
AFFA rəsmiləri ideyanı yüksək qiymətləndirəndən sonra Rui Jorjeyə bu barədə məlumat veriblər.
Portəgiz çalışdırıcı indiki məqamda konkret cavab verə bilməyəcəyini, düşünmək üçün vaxta ehtiyac duyduğunu söyləyib.
Hər ötən dəqiqə “Səbail” üçün qızıl qədər dəyərli olduğundan, baş məşqçinin cavabını gözləmək məqsədəuyğun sayılmayıb. Nəticədə təşəbbüsü həyata keçirmək mümkün olmayıb.
HƏBİB / SPORTİNFO.AZ

