«Kəpəz»in İdarə Heyətinin səbiq sədri İlqar Nadiri təqribən 1 il çəkən ayrılıqdan sonra futbol sferasına dönüb.
Altı ildən artıq müddətdə Gəncə klubuna rəhbərlik etmiş təcrübəli funksioner bundan sonra «Səbail» üçün tər tökəcək.
O, İdarə Heyətinin başına gətirilib.
Belə deyək, maddi cəhətdən problemlər yaşayan «dənizçilər»in dadına İlqar Nadiri yetişib. Yeni sponsorun tapılmasında vasitəçi və təşəbbüskar odur.
Əgər adıçəkilən funksioner olmasaydı, Bayıl təmsilçisi borc içində batar və bəlkə də fəaliyyətini dayandırardı. Vaxtında «Səbail»in dadına yetişən Nadiri yaxın dostunu himayədar olmağa razı salıb.
«Kəpəz»in Premyer Liqaya gəlməsi və burada yerini qorması onun adıyla bağlıdır. İlqar Nadiri «sarı-göylər»in hər cəhətdən problem yaşadığı dönəmlərdə sinəsini irəli verib, doğma şəhərinin klubunu ayaqda saxlayıb.
Bu yoda hər cür məhrumiyyətə qatlaşıb, təzyiqlər qarşısında təkbaşına dayanıb, şəxsi vəsaitini «Kəpəz»in yolunda xərcləyib.
Burada çalışdığı illər ərzində kifayət qədər yeniliklərə imza atıb, «Kəpəz»in maddi-texniki bazasını gücləndirməyə nail olub.
Gəncə təmsilçisindən ayrıldığı zaman isə yeni rəhbərliyin üzərinə borc yükü qoyub gedib getməyib, əksinə, büdcədə 500 min manatdan çox pul saxlayıb.
SPORTİNFO.AZ

