Başa çatan mövsümdə Premyer Liqaya yüksələ bilməyən “Səbail” yeni sponsoruna qovuşub.
ASCO-nun maliyyə yardımı ayırmadığı klub son 1 ildə dövlət tərəfindən ayrılan dotasiya hesabına ayaq üstə qalmağı bacarmışdı.
Vəziyyətin bu cür olması “dənizçilər”i borc yükünün altına girməyə məcbur etmişdi ki, “Səbail” çempionatı 280 min manatlıq borcla qapatmışdı.
240 min manat işmi, məşqçi və futbolçuların 3 aylıq vergi daxil maaşları, 40 min manat isə digər xərclərin qarşılanması üçün toplanmış məbləğ.
Yeni sponsor klubun əvvəlki rəhbərləri ilə söhbətdə 280 minlik borcu ödəməyi öhdəsinə götürüb. Ki, borcları bağlayırıq, klub keçir adımıza.
Əl sıxıb, halallaşıblar. Təki “Səbail” yaşasın, Bayıldakı infrastruktur üzü günə qalmasın.
Amma bu, heç bir halda “Səbail”in satılması anlamına gələ bilməz.
Çünki klub İctimai Birlik statusuna sahibdir, Məhdud Məsuliyyətli Cəmiyyət yox.
Qanunvericiliyə əsasən, İctimai Birliyi satmaq mümkün deyil. Ən yaxşı halda addan ada keçirmək olar. Yəni klubdakı hazırlı söz sahibi Firuz Abdulla istəsə belə, “Səbail”in satışından gəlir əldə edə bilməz.
Yeni gələnlər İdarə Heyətindəki şəxslərin adlarının dəyişməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edir, hər iki tərəf razılıq imzası çəkir, nazirlik hansısa müddətdən sonra qərar verir.
Yeni sponsor 280 minlik borcu bağlamaqla klubdakı əsas söz sahibinə çevriləcək və öz adamlarını müxtəlif vəzifələrə təyin edəcək. Və beləcə “Səbail” fəaliyyətini davam etdirəcək.
HƏBİB / SPORTİNFO.AZ

