“Qəbələ” buna ehtiyac duymadı, baş məşqçi şərt qoydu

19 Sentyabr 2022 19:00 Qəbələ 872
“Qəbələ” buna ehtiyac duymadı, baş məşqçi şərt qoydu

Yayda ölkəmizi avrokuboklarda təmsil etmiş “Qəbələ” hesabat turunda “Sumqayıt”ı məğlub etməyi bacardı – 1:0.

Bölgə təmsilçisi bununla da ardıcıl 3 oyunluq acı məğlubiyyət seriyasına son qoymuş oldu.

Bu baxımdan milli komandaların oyunları ilə bağlı yaranmış fasilənin baş məşqçi Elmar Baxşıyevin işinə yaradığını deyə bilərik.

42 yaşlı mütəxəssis təxminən 10 günlük müddətdə komandasındakı problemlərin həlli ilə məşğul olacaq.

Əslində fasilə dönəmi 12-14 günü əhatə edir. İş burasındadır ki, Baxşıyev futbolçularına 3 günlük dincəlmək fürsəti yaradıb. Komanda üzvləri sentyabrın 21-də bir araya gələcək.

Həmin vaxta qədər hər kəs sərbəstdir. İstirahətin dadını başqa ölkədə çıxarmaq istəyənlərə bunun üçün icazə verilib. Amma bir şərtlə: ayın 21-i hamı bir nəfər kimi düşərgədə olmalıdır!

“Qəbələ” “Səbail”lə Premyer Liqanın 8-ci turu çərçivəsində baş tutacaq oyunun hazırlığını Qəbələdə yox, ənənəsinə uyğun olaraq Bakıda davam etdirəcək.

Məlum görüş sentyabrın 30-da “ASCO Arena”da keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti