Çempionluğa oynayan baş məşqçidən “partlayış” açıqlamalar: “Komandamı dağıtmayın!”

20:40 Qalmaqal 621
Çempionluğa oynayan baş məşqçidən “partlayış” açıqlamalar: “Komandamı dağıtmayın!”

“Gəncəbasar” I Liqada təəccübləndirməkdə davam edir.

7 turdan sonra aktivində 16 xal olan qərb təmsilçisi turnir cədvəlində çempionluğa iddialı “Səbail”, “Karvan-Yevlax” və MOİK kimi rəqiblərini qabaqlayır.

Ortabab yerli və legioner futbolçulardan qurulan komandanın əsas sirri kollektivdə birliyin və ailə mühitinin olmasıdır ki, bu mənada klub rəhbərliyi ilə baş məşqçi Elhad Nəzirinin əməyi danılmazdır.

Vaxtilə futbolçu kimi Azərbaycan millisinin şərəfini qorumuş Nəziri “Səbail” – “Gəncəbasar” (2:2) qarşılaşmasından sonra Sportinfo.az-a verdiyi müsahibədə maraqlı açıqlamalarla yadda qalıb.

- 1 xalı aktivinizə yazmaq olar, yoxsa 2 xal itirdiyinizi düşünürsünüz?

- Oyunun gedişatını və yaratdığımız qol imkanlarını nəzərə alsaq, fikrimcə, 2 xal itirdik. Bu gün qələbə qazanmalıydıq və Bakıya bu niyyətlə gəlmişdik. Məni ən çox narahat edən rəqiblərin üstün cəhətlərini futbolçulara tapşırdığımız halda, yenə eyni səhvlərdən qollar buraxmağımızdır. “Karvan-Yevlax” və “Səbail” kimi əsas rəqiblərlə oyunlarda oxşar səhvlərdən 4 qol buraxmışıq. İstənilən halda apardıqları mübarizəyə görə futbolçularımın hər birinə təşəkkür edirəm. Özlərinə də demişdim ki, mənim istədiyim futbolu oynayın, verdiyim tapşırıqları düzgün yerinə yetirin, uduzsanız da, sizə təşəkkür edəcəyəm.

- “Səbail” standart vəziyyətlər zamanı təhlükə yaradırdı.

- Bəli-bəli. Həftələrdir məşqlərdə bunun üzərində işləyirdik. Təhlillər zamanı müəyyənləşdirmişdik ki, rəqib “duran toplar”da gərginlik yaradır, uzaq küncə asmalar edirlər. Buraxdığımız ikinci qol topun məhz uzaq küncə göndərilməsindən sonra vuruldu. Eybi yox, əsas odur komandam mübariz oyun göstərdi, qələbəyə layiq oyun göstərdi. “Gəncəbasar” üç ayın komandasıdır, zamanla daha yaxşı olacağına inanıram.

- “Gəncəbasar” hələ ki, yaxşı mənada təəccübləndirir. Nəyin sayəsində?

- Sizə açıq deyirəm, heç nəyi gizlətmək fikrim yoxdur. “Gəncəbasar”ın aylıq futbolçu büdcəsi 21500 manatdır. Yəni komandamda olan futbolçuların aldığı aylıq məvacibin cəmi bu qədərdir. Bu gün əsas üstünlüyümüz baş məşqçi kimi sərəncamımda futbol fəlsəfəmə uyğun futbolçuların yer almasıdır. Seleksiya zamanı bu məqama xüsusi diqqət yetirirəm. Bu futbolçu oyun planıma uyğun gəlir, yoxsa yox? Mövsümün əvvəlində klub rəhbərliyi ilə söhbətdə 5-6-cı yerlər uğrunda mübarizə aparmaq üçün söhbətimiz olmuşdu. Şükürlər olsun, bu gün daha yaxşı yerdəyik. Bu cür də davam etmək istəyirik. Bir xüsusi məqamı da qeyd etmək istəyirəm.

- Buyurun.

- Klubun rəhbər şəxsləri – Namik Qədirov, İlqar Nadiri, Cabir İbrahimov zərrə qədər də olsun işimə qarışmırlar. Əksinə, baş məşqçi kimi mənə dəstək verir, yanımda olduqlarını göstərirlər. İşimə qarışmadıqlarına, futboldankənar işlərdə dəstək nümayiş etdirdiklərinə görə mən də baş məşqçi olaraq rahat işimi görürəm. Əsas üstünlüklərimizdən biri də budur. Gənc məşqçiyəm, yolun başındayam, özümü sübut etmək istəyirəm. Vaxtilə futbolçu kimi Avropada legioner həyatı yaşasam da, bunu sona qədər davam etdirə bilməmişdim. Futbolçu kimi etdiyim səhvlərin fərqindəyəm və onları bir daha təkrarlamaq fikrim yoxdur. Ona görə də gələcəkdə məşqçi kimi nəinki Azərbaycanda, hətta Avropada işləmək, təcrübə qazanmaq istəyirəm.

- Heyəti gücləndirəcəyinizi deyirsiniz. Eyni zamanda başqa klublardan “Gəncəbasar”da 1000-1500 manata oynayan futbolçulara daha yaxşı şərtlərlə müqavilə təklif edənlər var.

- İnanın, hamısından xəbərimiz var. Bəzi oyunçularımıza zənglər olur, mesajlar yazılır. Futbolçunun klubla müqaviləsi davam edirsə, onun beyni ilə oynamaq lazım deyil. Belə yollara əl atmasınlar. Bu futbolçular “Gəncəbasar”a gələnə qədər də Azərbaycanda oynayırdılar. Mən bu futbolçularla aylıq 800-1000 manata razılaşıb, onları oynadıram, özünəinamı qaytarıram. İndi kimlərsə onlara yuxarı məbləğlər təklif edir, söz verir. Bu yolla rəqib komandanı dağıtmaq məşqçiliyə yaraşan iş deyil! Komandamızı dağıtmayın! Futbolçunun müqaviləsi bitibsə, yaxud bitirsə, danışmaq olar. Biz də kimlərləsə danışmışıq, danışacağıq. Amma mən heç vaxt baş məşqçidən, yaxud rəhbərdən icazəsiz müqaviləsi davam edən futbolçu ilə danışmaram.

- 21500 manatlıq futbolçu büdcəsi ilə çempionluğa oynayan baş məşqçiyə aylıq büdcəsi yüzminlər təşkil edən rəqiblərə qarşı mübarizə aparmaq necə təsir edir? Məsələn, ağlınızdan “niyə məndə o imkanlar yoxdur?”, yaxud “o büdcə məndə olsaydı, nələr edərdim, nələr” fikirləri keçirmi?

- Özüm haqda yüksək fikirdə olmağı sevmirəm. Düzdür, məşqçilikdə müəyyən təcrübəm var. Amma baş məşqçi kimi yolun başındayam. Getdiyim yerdə əsas istəyim rəhbərliyin mənə inanması olub. Mən də öz növbəmdə aldığım maaşın haqqını verməyə çalışmışam. Heç bir klubda gözüm yoxdur. Bu gün olduğum yerdən artıqlaması ilə məmnunam. Günü sabah mənə istənilən klubdan dəvət gəlsə, “Gəncəbasar”ı qoyub heç yerə gedən deyiləm. Çünki işsiz qaldığım vaxtda “Gəncəbasar” rəhbərliyi mənə güvənib, bu cür məsuliyyətli işi həvalə etdi. Ona görə də komandanı, futbolçuları və klub rəhbərliyini yarıyolda qoymaram. Allah bizə Premyer Liqaya yüksəlməyi nəsib etsin, əgər bu baş versə, indiki komandadan azı 10 nəfəri yanımda saxlayacağam.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti