"Kəpəz"sevərlər hazır olsun - Vay o günə ki...

19:00 Kəpəz 172
"Kəpəz"sevərlər hazır olsun - Vay o günə ki...

Hazırda “Kəpəz” ətrafında hər şey möhtəşəmdir.

Komandanın oyunlarında tribunalar dolur, meydanda isə uğurlu nəticələr bir-birini əvəz edir.

Gəncə təmsilçisi artıq altı oyundur Premyer Liqada məğlub olmur.

Hazırda iddialılar sırasında yer alan komandanın mövsümün əvvəlində əsas hədəfinin elitanı tərk etməmək olduğunu da unutmayaq.

“Kəpəz” hazırda lider “Neftçi”dən cəmi dörd xal geri qalır. Belə məqamda "iştah diş altındadı" deyimi işə düşür.

Əbəs deyil ki, gəncəli azarkeşlərin Avrokuboklar istəyini də sezmək mümkündür.

Sosial şəbəkələrdə “Niyə də yox?” çağırışları eşidilir.

Azarkeşin işi budur. Tuneldə azacıq işıq varsa, xəyallar işə düşür.

Təki bu nağıl sona qədər davam etsin, təki gəncəlilər arzularına çatsınlar.

“Kəpəz” bölgəni təmsil edir, Gəncə isə futbol şəhəridir. Burada futbolu sevirlər.

Nə xoş olardı ki, Avrokuboklar yenidən bu şəhərə qayıtsın. Hətta komanda mövsümü medalçılar sırasında başa vursun.

Bir də medalın digər üzü var. Gəncəlilər buna da hazır olmalıdır.

Gəlin reallığı unutmayaq. Hazırkı “Kəpəz”in büdcəsi, heyətinin keyfiyyəti və mövcud imkanları ilə bu stabilliyi uzun müddət qoruması, yumşaq desək, çətin görünür.

Zaman keçdikcə problemlər üzə çıxa, məğlubiyyətlər və uğursuz seriyalar qaçılmaz ola bilər.

Bu gün komandanın tutduğu pilləni mövsümün sonuna qədər qoruyacağına təminat yoxdur.

Gəncəlilər indidən özlərini həm də belə bir ssenariyə hazırlamalıdırlar.

Çünki futbolun gözəlliyi təkcə qələbələrdə deyil, çətin günlərdə də komandanın yanında olmaqdır.

“Kəpəz” bu gün şəhərə sevinc yaşadırsa, sabah çətinliklərlə üzləşəndə də həmin tribunalar dolmalıdır.

Avrokubok arzusu gözəldir, amma bu arzudan da vacibi Gəncədə futbolun davamlı yaşamasıdır.

Nağılın sonunu gözləmədən reallığa hazır olmaq lazımdır. Acı reallığa...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti