Kurban Berdiyev təşəkkür yox, üzr istəmələyidi

23:40 Turan 43
Kurban Berdiyev təşəkkür yox, üzr istəmələyidi

“Neftçi” ilə 1:1 hesablı heç-heçə ilə başa çatan görüşdən sonra “Turan Tovuz”un baş məşqçisi Qurban Berdiyev açıqlaması ilə diqqət çəkdi. Təcrübəli mütəxəssis mətbuat konfransında bildirdi ki, paltardəyişmə otağında futbolçularına təşəkkür edib.

Açığı, bu cümləni oxuyanda təəccüb məni basdı. Biz fərqli oyunlara baxmışıq? Kurban Berdiyev futbolçularına nəyə görə təşəkkür edib?

Bəlkə də zahirən “Neftçi” ilə səfərdə 1:1 hesablı heç-heçə qənaətbəxş nəticə sayıla bilər. Amma 90 dəqiqəni izləyən hər kəs bilir ki, “Neftçi” artıq 30-cu dəqiqədən etibarən azlıqda mübarizə aparırdı. İqor Ribeyro qırmızı vərəqə alaraq meydanı tərk etmişdi. Belə vəziyyətdə qələbə qazanmaq üçün “Turan Tovuz”un qarşısında əla fürsət yaranmışdı. Amma tovuzlular bundan yararlana bilmədilər.

Günahkar futbolçular idimi? Məncə, yox!

Əslində, “Turan Tovuz” oyuna yaxşı başlamışdı. Daha istəkli tərəf qonaqlar idi. Ta ki İqor Ribeyronun qırmızı vərəqə almasına qədər. Gözləmək olardı ki, məhz bundan sonra Kurban Berdiyev taktiki sistemə müdaxilə edəcək, əvəzetmələrə əl atacaq. Heç olmasa, bu situasiyada beşli müdafiədən imtina edəcək, üç stoperlə oynamaq əvəzinə hücum potensialını artırmağa çalışacaq.

Amma təcrübəli mütəxəssis 64-cü dəqiqəyə qədər heç bir dəyişikliyə getmədi. Bu müddət ərzində isə “Neftçi” azlıqda olmasına baxmayaraq, hesabı açmağa nail oldu. 43-cü dəqiqədə vurulan qol vəziyyəti daha da çətinləşdirdi.

Elə həmin andan ümid edirdim ki, Kurban Berdiyev fasilədə ən azı iki dəyişiklik edəcək. Ən azından üç stoperdən birini meydandan çıxarıb hücumameyilli futbolçu ilə əvəzləyəcək. Lakin bunu da görmədik.

Fasilədən sonra da 64-cü dəqiqəyə qədər “Turan Tovuz”un elə bir üstünlüyü yox idi ki, Berdiyevin gözləmə mövqeyində qalmasını başa düşək. Bəli, “Neftçi” bir nəfər azlıqda olduğu üçün topu rəqibinə vermiş, daha çox müdafiəyə çəkilmişdi. Amma bunu düzgün təşkil olunmuş müdafiə ilə edirdi. “Turan Tovuz” isə say üstünlüyündən yararlanaraq rəqibin müdafiəsini yarmaqda çətinlik çəkirdi.

Nəhayət, 64-cü dəqiqədə Kurban Berdiyev eyni anda üç əvəzetmə etdi. Maraqlıdır ki, bərabərlik qolu da məhz bundan sonra gəldi. Bu, təsadüf idimi? Bəlkə. Amma ən azı onu göstərdi ki, komandanın oyununa müdaxilə etmək, hücumda dəyişikliklərə getmək daha əvvəl də mümkün idi.

Məncə, Kurban Berdiyev oyundan sonra paltardəyişmə otağında futbolçularına təşəkkür etmək əvəzinə, onlardan üzr istəməli idi. Ən azı əvəzetmələrlə bağlı qərarları gecikdirdiyinə görə.

Düşünürəm ki, bu dəyişikliklər ən geci fasilədə edilsəydi, “Turan Tovuz” ikinci hissədə “Neftçi”ni daha ciddi təzyiq altında saxlaya, hətta qələbə qazana bilərdi. Belə bir fürsəti dəyərləndirə bilməyən komandanın baş məşqçisinin heç-heçədən sonra futbolçularına təşəkkür etməsi isə mənim üçün anlaşılmazdır.

Bəli, futbolçular meydanda mübarizə apardılar. Amma baş məşqçinin də öz üzərinə düşən məsuliyyəti var. Bəzən oyunun taleyini futbolçuların ayaqları deyil, məşqçinin vaxtında verdiyi qərarlar həll edir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti