"Şəfa"nın mərkəz müdafiəçisi Arsen Ağcabəyov Premyer Liqanın 11-ci turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə ilə bitən oyundan sonra Sportinfo.az-a müsahibə verib.
Qarşılaşmada əla qolla yadda qalan futbolçu ilk olaraq matç barədə fikirlərini bizimlə bölüşüb.
- Qələbə qazanmağı çox istəyirdik. 3 xala ehtiyacımız var idi. Təəssüf ki, üstünlüyü qoruya bilmədik.
- Son oyunlarda hesabda önə keçsəniz də, üstünlüyü qoruya bilmirsiniz. Artıq dördüncü oyundur ki, bu hal təkrarlanır. Problem nədir?
- Problemin nədən qaynaqlandığını tam olaraq bilmirəm. Əslində, mübarizə aparırıq, yaxşı oyun göstərməyə çalışırıq. Çox sayda qol imkanlarımız da olur. Amma təəssüf ki, hesabı qoruya bilmirik.
- Komanda, ümumilikdə, pis formada deyil. Belə məqamda milli fasilə sizə mane ola bilər?
- Razıyam, son oyunlarda performansımızın daha da yüksəldiyini, işlərin yaxşılığa doğru getdiyini düşünürəm. Bəlkə də fasilə yerinə düşmədi. İnanıram ki, milli fasilə həm psixoloji, həm də digər baxımlardan bizə müsbət təsir edəcək.
- Azərbaycan millisinin heyəti açıqlanıb. Baş məşqçi də yaxından tanıdığınız Ayxan Abbasovdur. Adının siyahıda olacağını gözləyirdin?
- Əslində, hər dəfə dəvət gözləmişəm. Milliyə çağırılmağı çox istəyirəm. İnşallah, növbəti dəvətlərdə mənim də adım olar.
- Vurduğun gözəl qola da toxunaq. Karyeranda buna bənzər qolun olmuşdu?
- Xeyr, belə gözəl qolum olmamışdı. Hər şey bir anda baş verdi. Qarşım boş idi, özümə inandım, dedim ki, vuraram. Zərbə vurdum və qol oldu.
XANOĞLAN İMANOV
