Qurban Qurbanov sevinsin, yoxsa üzülsün?

21:20 Qarabağ 79
Qurban Qurbanov sevinsin, yoxsa üzülsün?

Premyer Liqada işləri qaydasında getməyən “Qarabağ” istirahətə buraxılıb.

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə baş məşqçi Qurban Qurbanov komanda üzvlərinə dincəlmək imkanı yaradıb.

Lakin bu müddət “Neftçi”də olduğu kimi, dörd yox, üç günü əhatə edəcək.

Əvvəlki dönəmlərdə Qurbanov da futbolçularına istirahət üçün maksimum müddət ayırırdı. Lakin hazırkı vəziyyət fərqlidir. Həm komanda avrokuboklarda çıxış etmir, həm də oyun planındakı çatışmazlıqları aradan qaldırmaq üçün daha çox məşq etməyə ehtiyac var.

Fasilənin yaranması baş məşqçinin üzünü güldürsə də, digər tərəfdən əhvalını korlayır.

Belə ki, əsas komandanın 10 üzvü milli komandaların sıralarına cəlb olunub.

Marko Yankoviç Monteneqro, Bense Varkonyi Macarıstan, Martin Zlomisliç Bosniya ve Hersoqovina, Renaldo Sefas Yamayka, Bruno Lanqa Mozambik, Aleksey Kaşuk Ukrayna, Reda Xadra Livan, Bədavi Hüseynov, Şahruddin Məhəmmədəliyev və Musa Qurbanlı Azərbaycan yığmalarının sıralarında olacaqlar.

Bu azmış kimi, əsas komandanın məşqlərinə cəlb olunan gənclər – Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Rəşad Alışov və Uğur Qurbanlı U-20-nin, Teymur Həsənov isə U-21-in toplanışında iştirak edəcəklər.

Bir sözlə, “Qarabağ”ın 10 günlük hazırlıq mərhələsində 14 futbolçu olmayacaq. Belə vəziyyətdə çatışmazlıqları aradan qaldırmağın, üstəlik, “Kəpəz”lə səfər qarşılaşmasına hazırlaşmağın Qurban Qurbanova hansı çətinlik yaradacağını təsəvvür etmək çətin deyil.

Yeri gəlmişkən, fasiklə dönəmində “köhlən atlar”ın Premyer Liqanın hansısa komandası ilə yoxlama görüşü keçirməsi nəzərdə tutulmayıb.

12-ci turda “Qarabağ” noyabrın 22-də Gəncə şəhər stadionunda “Kəpəz”in qonağı olacaq.

Qarşılaşmanın saat 17:00-da başlaması nəzərdə tutulub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti