Premyer Liqada nostalji mənzərə - Əfsanələr yenidən söz sahibi olur

23:00 Premyerliqa 88
Premyer Liqada nostalji mənzərə - Əfsanələr yenidən söz sahibi olur

Azərbaycan Premyer Liqasının 10-cu turunda “Sabah” və “Qarabağ”ın xal itirməsi fonunda “Neftçi”, “Turan Tovuz” və “Kəpəz”in qələbə qazanması turnir cədvəlinin üst pillələrində müəyyən dəyişikliklərə səbəb oldu.

Elitada qalmaq uğrunda mübarizə aparacağını düşündüyümüz “Kəpəz” 17 xalla lider “Neftçi”dən cəmi 4 xal geri qalır. Üstəlik, Gəncə təmsilçisi “ağ-qaralar”la müqayisədə bir oyun az keçirib.

Mövcud mənzərə göstərir ki, bizi son illərin ən maraqlı və gərgin çempionatlarından biri gözləyir. Uzun müddətdir Premyer Liqanın üst pillələrində bu cür sıx rəqabətə şahidlik etmirdik. “Kəpəz”in də mübarizəyə qoşulması, liderlə beşinci pillədəki komanda arasında cəmi 4 xallıq fərqin olması xoş gələcəkdən xəbər verir.

Ancaq diqqətçəkən başqa bir məqam da var. Turnir cədvəlinin ilk beş pilləsindəki mənzərə bizi bir növ 90-cı illərə aparır. Hazırda ilk “beşlik”də “Neftçi”, “Sabah”, “Qarabağ”, “Turan Tovuz” və “Kəpəz” yer alır.

2017-ci ildə yaradılan “Sabah”ı kənara qoysaq, digər dörd klub müstəqillik tariximizin ilk çempionatlarında iştirak edən, 2000-ci illərə qədər Azərbaycan futbolunda özünəməxsus ənənə formalaşdıran komandalardır.

Təəssüf ki, son 20-25 ildə “Kəpəz”lə “Turan Tovuz” ya elita iştirakçıları arasında yer almırdı, ya da çempionatda qalmaq uğrunda mübarizə aparırdı.

Düzdür, ötən mövsüm də “Qarabağ”, “Turan Tovuz” və “Neftçi”ni üst pillələrdə görürdük.

Bu dəfə isə vəziyyət fərqlidir. “Kəpəz”in cari mövsümdəki inamlı çıxışı, qeyri-sabit nəticələrə baxmayaraq “Turan Tovuz”un çempionluq iddiasını qoruması, heyətində yenilənmələr aparan “Qarabağ”ın üst pillələrdən uzaqlaşmaması və nəhayət, “Neftçi”nin çempionluq hədəfini daha ciddi şəkildə ortaya qoyması turnir cədvəlində fərqli mənzərə yaradıb.

Bütün bunlar Azərbaycan futbolunun müəyyən bir dövrünü xatırladır. İllər əvvəl ölkə çempionatının əsas simaları olan klubların yenidən ön sıralarda yer alması futbolsevərlərdə nostalji hisslər oyadır.

Bugünkü rəqabətin maraqlı tərəfi yalnız tarixi adların önə çıxması deyil, həm də komandalar arasındakı xal fərqinin azlığı və nəticələrin əvvəlcədən proqnozlaşdırılmasının çətinliyidir.

Ümid edək ki, indiki hərəkətlilik qarşıdakı turlarda da davam edəcək, bizi daha maraqlı qarşılaşmalar və daha gərgin mübarizə gözləyəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti