Uruqvayın U-20 millisinin hədəfi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatına vəsiqə qazanmaqdır.
Sportinfo.az xəbər verir ki, bunu Cənubi Amerika komandasının baş məşqçisi Dieqo Forlan deyib.
Ötənlərin məşhur hücumçusu gələn il yanvarın 22-dən fevralın 7-dək Kolumbiyada təşkil olunacaq Cənubi Amerika çempionatına ciddi hazırlaşacaqlarını bildirib:
“Məqsədimiz Cənubi Amerika çempionatında ən yaxşı 4 komanda sırasına düşməkdir. Fikrimcə, komandamız bunu bacaracaq potensiala malikdir.
Ən böyük hədəfimiz gələn il Azərbaycan və Özbəkistanda baş tutacaq dünya çempionatına yollanmaqdır. Bunun reallaşması üçün əlimizdən gələni edəcəyik”.
Dünya çempionatının final mərhələsi 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək keçiriləcək.
