19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəni davam etdirmək üçün Serbiyada keçiriləcək mini-turnirdə qrup qalibi olmalıdır.
Sportinfo.az xəbər verir ki, UEFA-nın açıqladığı yeni seçim sisteminə əsasən, ikinci mərhələdə B Liqasının yeddi qrupunun yalnız qalibləri üçüncü mərhələnin A Liqasına yüksələcəklər.
Millimiz B1 qrupunda ev sahibi Serbiya, Monteneqro və Farer adaları ilə qarşılaşacaq. Yığmamızın qrupu ikinci pillədə başa vurması növbəti mərhələyə vəsiqə üçün kifayət etməyəcək.
Üçüncü seçmə mərhələ 2027-ci ilin yazında keçiriləcək. Burada 28 komanda final turnirinə yeddi vəsiqə uğrunda mübarizə aparacaq. Çexiya isə ev sahibi kimi final mərhələsində birbaşa iştirak edəcək.
Azərbaycan ilk oyununu noyabrın 11-də Monteneqroya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Yığmamız noyabrın 14-də Serbiya, 17-də isə Farer adaları ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 19:00-da start götürəcək.
