“Qarabağ”ın və millinin sabiq yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycana qısamüddətli qayıtmayıb.
O, uzun illər formasını geyindiyi kluba xüsusi missiya ilə dönüb.
37 yaşlı yarımmüdafiəçi bura dönməklə aktiv futbolçu karyerasını sonlandırıb. Cənubi amerikalı “Qarabağ“da iki mühüm iş görəcək.
Bir yandan Braziliyada istedadlı və perspektivli futbolçuları üzə çıxarmaq, onların Ağdam klubunun akademiyasına cəlb olunması üçün seleksiya çalışmasına üstlənib.
Digər tərəfdən isə əsas komandada Qurban Qurbanova kömək edəcək. Hələlik qeyri-rəsmi formada məşqçilər korpusunda yer alacaq.
Görəvi legionerlərlə bağlı olacaq. Əcnəbi oyunçular üzərində bir növ “nəzarətçi“ funksiyasını yerinə yetirəcək, onların yeni mühitə adaptasiya prosesini sürətləndirəcək.
Həmçinin xaricilərlə daim təmas quracaq, baş məşqçi ilə aralarında əlaqələndici olacaq, şəxsi problemləri yaranarsa, həllinə çalışacaq. Əlqərəz, Almeyda legionerlərin 7/24 nəzarətdə saxlayacaq.
Braziliyalı 2025-ci ilin fevralında “Qarabağ”dan ayrılaraq karyerasını ölkəsində davam etdirib.
O, 2026-cı ilin martında “Primavera”dan “XV Piracicaba”ya keçib. Sentyabr ayında isə diz bağlarından aldığı zədə səbəbindən əməliyyat olunub.
Almeyda “Qarabağ”da çıxış etdiyi müddətdə 376 oyuna çıxan yarımmüdafiəçi 64 qol vurub, doqquz dəfə Azərbaycan çempionu olub və beş dəfə ölkə kubokunu qazanıb. Azərbaycan millisinin heyətində 31 oyun keçirərək, üç qola imza atıb.
SPORTİNFO.AZ
