"Araz-Naxçıvan" üçün uğursuz mövsüm davam edir. Komanda 11-ci turda da qələbə həsrətinə son qoya bilmədi.
Yuri Maksimovun komandası bu dəfə "Şəfa" ilə heç-heçə etdi.
İki dəfə hesabda geri düşən Muxtar respublika təmsilçisi çətinlik olsa da sonda 1 xal qazana bildi.
Oyundan sonra komandanın məhsuldar hücumçusu Ağadadaş Salyanski Sportinfo.az-a müsahibə verib.
– Komandanız sonuncu pillədə qərarlaşdığı üçün bu oyunda qələbə qazanmaq sizin üçün xüsusilə vacib idi. Bu dəfə də bacarmadınız...
– Əlbəttə, bizim üçün də, “Şəfa” üçün də bu oyunda qələbə vacib idi. Düşünürəm ki, rəqib də xal itirmək istəmirdi. Amma oyunun ssenarisi elə gətirdi ki, qalib müəyyənləşmədi. İndi əsas məsələ qarşıdakı oyunlara hazırlaşmaqdır.
– Nəticələri başa düşdük, bəs komandanın oyununu necə qiymətləndirirsən?
– Yəqin ki, siz də oyunlarımızı izləyirsiniz və görürsünüz ki, komandamız həm qol vurur, həm də yaxşı futbol oynayır. Yəni oyun baxımından ciddi problemimiz yoxdur. Sadəcə, ani diqqətsizliklərə görə qollar buraxırıq. Bugünkü matçda da bunu gördük. Bir az da bəxtimiz gətirmir. Düşünürəm ki, bir-iki qələbə qazandıqdan sonra bu tilsimi qıracağıq və turnir cədvəlində yuxarı pillələrə yüksələcəyik.
– Bunun üçün milli fasilənin komandaya faydalı olacağını düşünürsən?
– Əlbəttə, hər fasilə komandaya faydalı olur. İndi qarşıdakı oyuna qədər kifayət qədər vaxtımız olacaq. Təxminən 10-12 gün hazırlaşmaq imkanımız var. Düşünürəm ki, yaxşı məşq edəcəyik. Dediyim kimi, bir-iki qələbədən sonra “Araz-Naxçıvan”ı turnir cədvəlinin yuxarı pillələrində görə biləcəyik.
– Millinin heyəti açıqlananda ilk diqqət çəkən məqamlardan biri də adının siyahıda olmaması oldu. Bu məsələ sosial şəbəkələrdə də geniş müzakirə edildi. Özün bu qərarı necə qarşıladın?
– Açığı, milliyə dəvət alacağımı gözləyirdim. Statistikam da pis deyildi və müəyyən mənada diqqət çəkirdi. Amma bu, məşqçinin qərarıdır və hörmətlə yanaşıram. Nə deyə bilərəm? Hər məşqçinin öz baxışı var. Bu qərardan sonra ruhdan düşməyəcəyəm. Əksinə, qarşıma daha böyük məqsədlər qoyacağam, qollarımı sıralamağa çalışacağam. İnşallah, növbəti toplanışda millidə olaram.
– "Neftçi"də olduğun vaxtlarda tez-tez deyilirdi ki, başqa kluba getsən, potensialını daha yaxşı göstərə bilərsən. Bu gün “Araz-Naxçıvan”da bunu edirsən. "Neftçi"dən bir qədər gec ayrılmaq qərarına görə peşman deyilsən?
– Xeyr, peşman deyiləm. Keçən mövsümün qış fasiləsinə qədər Samir Abasovun rəhbərliyi altında oynayırdım və müəyyən qədər şans qazanırdım. Elə oyunlar olurdu ki, əsas heyətdə meydana çıxırdım. Məşqçi dəyişikliyindən sonra isə rəqabət bir qədər artdı. Düzdür, mən rəqabətdən çəkinən futbolçu deyiləm. Sadəcə, vəziyyəti müzakirə etdik və oynamağımın başqa klubda daha faydalı olacağı qənaətinə gəldik. "Neftçi" rəhbərliyi də bu məsələyə müsbət yanaşdı və mən “Araz-Naxçıvan”a keçdim. İndi şükürlər olsun ki, mütəmadi oynayıram.
– Beynində yenidən "Neftçi"yə qayıdıb eyni performansı orada göstərməyin planlarını qurursan?
– Əlbəttə, inşallah, "Neftçi"yə qayıdacağam. Oradakı rəqabətdən qorxmuram. Ola bilsin, hansısa məqamda özümü tam göstərə bilməmişəm. Amma qayıdandan sonra əsas heyət uğrunda mübarizə aparacağam, çalışacağam ki, şansımı dəyərləndirim. Ümid edirəm, məni isti qarşılayarlar. Aramızda heç bir soyuqluq yoxdur. Əlimdən gələni edəcəyəm ki, əsas heyətin üzvü olum.
XANOĞLAN İMANOV
