Çempionatın ən çox sual doğuran iki komandası ətrafında nə söz-söhbət gəzir?

09:40 Araz-Naxçıvan 142
Çempionatın ən çox sual doğuran iki komandası ətrafında nə söz-söhbət gəzir?

Autsayderlər qrupunda yer alan “Araz-Naxçıvan” və “Şəfa”nın qarşılaşması 2:2 hesabı ilə başa çatdı.

Matçdan əvvəl bir çoxları “Şəfa”nın bu görüşdə qələbə qazanacağını gözləyirdi.

Çünki klub infrastruktur imkanlarına və maliyyə potensialına görə “Araz-Naxçıvan”dan daha üstün görünür. Üstəlik, komandanın ətrafında yaradılan geniş piar və reklam kampaniyası da gözləntiləri artırmışdı.

Lakin meydanda gözlənilən mənzərəni görmədik. “Şəfa” yenə də lazımi xalları qazanmaqda çətinlik çəkir. Digər tərəfdən, “Araz-Naxçıvan” hələ də xal hesabını aça bilməyib və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Nəticə etibarilə, çempionatın ən çox sual doğuran komandalarından ikisi bir-birinə qarşı da üstünlük nümayiş etdirə bilmədi.

İnfrastruktur, maliyyə imkanları və reklam kampaniyaları özlüyündə futbol meydanında nəticəyə zəmanət vermir. Bunu isə “Şəfa”nın indiyədək göstərdiyi nəticələr bir daha ortaya qoyur.

“Araz-Naxçıvan”ın heyətində Ağadadaş Salyanskinin çıxışını xüsusi qeyd etmək lazımdır. Gənc hücumçu “Şəfa” ilə qarşılaşmada da fərqlənərək cari mövsümdə Premyer Liqadakı 5-ci qolunu vurdu.

Komandasının uğursuz nəticələrinə baxmayaraq, Ağadadaş fərdi performansı və məhsuldarlığı ilə diqqət çəkməyə davam edir.

22 yaşlı forvardın bu mövsüm göstərdiyi oyun və vurduğu qollar onun Azərbaycan millisinə dəvət almağa tam layiq olduğunu düşünməyə ciddi əsas verir.

Xüsusilə də çempionatın ən məhsuldar yerli hücumçularından biri olduğu nəzərə alınarsa, onun kənarda qalması müəyyən suallar doğurur.

Ümumilikdə isə 11 turdan sonra “Şəfa” və “Araz-Naxçıvan” çempionatın ən zəif nəticələr göstərən iki komandası olaraq qalır. Bir tərəfdə geniş reklam kampaniyası və yüksək gözləntilər, digər tərəfdə isə qələbə həsrəti yaşayan kollektiv.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!