Azərbaycan millisinin futbolçusu Toral Bayramovun klubu “Bursaspor”da çıxışı birmənalı qarşılanmır.
Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin qeyri-stabil çıxışı mütəxəssislərin təəccübünə səbəb olub.
“Bursaspor”un oyunlarının təhlili ilə bağlı dərc edilən məqalədə Bayramova xüsusi yer verilib. Bir neçə yerli mütəxəssisin yeni transferlərlə bağlı fikirlərinə yer verilib ki, əksəriyyət Toralın “Bursaspor”a uyğun futbolçu olmadığı qənaətindədir.
“Toral “Bursaspor”da heç cür istənilən tempi tuta bilmir. Son oyundakı avtoqoluna da bir ad vermək olmur.
“Antalyaspor”la qarşılaşmada fasilədən dərhal sonra əvəzlənməməsini də baş məşqçinin yanlış seçimi kimi dəyərləndirmək olar. Bu matç bir daha sübut etdi ki, Toral Bayramov “Bursaspor”da oynayacaq səviyyədə futbolçu deyil”, – deyə fikir qeyd olunub.
Yayda “Qarabağ”dan “Bursaspor”a keçən Toral Bayramovun I Liqa klub ilə müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.
