“Şamaxı” təəccübləndirməkdə davam edir.
Ötən həftə “Neftçi”yə çətin anlar yaradaraq son anda məğlub olan (2:3) bölgə təmsilçisi bu dəfə Bakıda “Sabah”la 2:2 bərabərə qaldı.
Qarşılaşmadan sonra “Şamaxı”nın futbolçularının o qədər də xoşbəxt görünməməsi diqqətimi çəkməyə bilməzdi.
“Şirlər”in portuqaliyalı qapıçısı Rikardo Fernandeslə müsahibəyə də məhz bununla bağlı sualla başladım.
- Paltardəyişmə otağında sükut hiss olunur. Sanki 1 xal qazanmamısınız, 2 xal itirmisiniz.
- Hər bir futbolçu qələbə qazanmaq istəyir. Bura 3 xal dalınca gəlmişdik. Rəqibin gücü barədə danışmağa gərək yoxdur. Üstəlik, səfərdə oynayırdıq. 2 qol vurdular, qol imkanları yaratdılar. Lakin son 10 dəqiqə ərzində yaşananlara baxsaq, qalib gəlmək imkanımız kifayət qədər real idi. Təbii ki, “Neftçi”yə üzücü yenilgidən sonra 1 xal bizim üçün qazancdır. Yenə deyirəm, məqsədimiz qalib gəlmək idi.
- “Sabah”dan xal almaq hər komandaya nəsib olmur. 1 xalın reseptini bölüşə bilərsən?
- Üz-üzə, gözə-gözə baxıb çəkinmədən döyüşmək. Gücümüzə inanaraq rəqibi psixoloji baxımdan gözümüzdə böyütməmək. Bu, tək “Sabah”a deyil, bütün rəqiblərə qarşı belədir. “Neftçi”ylə matçda hesabda geri düşdük, lakin təslim olmadıq. Bu gün eynisi yaşandı, rəqib iki dəfə hesabda önə keçsə də, qəbullanmadıq, sona qədər döyüşdük. Bu gün qazandığımız 1 xal kollektiv əməyin, mübarizliyin və öz gücümüzə inanmağın nəticəsidir.
- “Neftçi” və “Qarabağ”la oyunlardan başqa “Şəfa”yla qarşılaşmada hesabda 0:2 geridə olduğunuz vaxt 3 qol vurub qalib gəlməyi bacarmışdınız. Sanki “Şamaxı” qol buraxandan sonra “ayılır”.
- Bütün komandalar qol buraxır. Önəmli olan hesabda geri düşəndən sonra xarakter göstərməkdir ki, bu, bizdə var. Büdcədə digərlərindən geri qalırsansa, bunu daha çox qaçmaqla, döyüşməklə kompensasiya etməlisən.
- Kiçik büdcəyə sahib komandanın üzvü kimi matçın yekununda “Sabah”ın futbolçularını üzgün halda görmək həzz verir?
- “Sabah”ın futbolçularının özlərini necə hiss etməsi bizi maraqlandırmır. Bizim üçün önəmli olan öz durumumuzdur ki, biz də 1 xaldan zövq almağa çalışırıq. Özümüzə baxırıq, rəqiblərə yox.
- Hazırda Premyer Liqada çıxış edən qapıçılar arasında “Kəpəz”dəki həmyerlin Rojerio Santos seyvləri ilə diqqət çəkir. Buna qədər sən və keçmiş “Zirə”li, hazırda “Şəfa”nın sıralarında olan Tyaqo Silva da bacarığınızı ortaya qoymağı bacarmışdınız. Bu, Portuqaliyada qapıçılar məktəbinin səviyyəsinin yüksək olmasının göstəricisidir, yoxsa fərdlərə bağlı olan məsələdir?
- Ölkədə bu qədər qapıçı yetişirsə, bunu fərdlərlə əlaqələndirə bilmərəm. Portuqaliya qapıçılar məktəbi hər zaman sözünü deyib. Təkcə Dioqo Kosta nümunəsini göstərmək bəs edir. Dünyada ən yaxşılardan biridir. Bura həm özümüzü göstərməyə, həm də karyera və həyat səviyyəmizi inkişaf etdirməyə gəlmişik. Ona görə də əlimizdən gələni etməyə çalışırıq.
HƏBİB / SPORTİNFO.AZ
