UEFA Millətlər Liqasının növbəti turunda Azərbaycan millisi ilə qarşılaşacaq Lixtenşteyn yığmasının kapitanı Nikolas Hasler zədə səbəbindən qarşıdakı oyunu buraxacaq.
Sportinfo.az Lixtenşteyn Futbol Federasiyasına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi şənbə günü klubu “Vaduts”un “Sion”la matçında zədələnib.
Bu səbəbdən o, millinin düşərgəsinə qoşula bilməyəcək.
Baş məşqçi Konrad Fünfştük Haslerin əvəzinə Manuel Mikusu heyətə dəvət edib. 27 yaşlı futbolçu Niderlandın AVV “Swift” klubunda çıxış edir.
Fünfştük kapitanın yoxluğunun komanda üçün ciddi itki olduğunu bildirib.
Lixtenşteyn noyabrın 13-də "Reynpark" stadionunda Azərbaycan millisini qəbul edəcək.
