Polşa çempionatının 14-cü turunda “Rakuv”un səfərdə “Legiya” üzərində qələbə qazandığı oyun (4:2) yerli mətbuatda geniş müzakirə olunub.
Sportinfo.az xəbər verir ki, “Sport.pl” nəşri qarşılaşmadan sonra jurnalist və ekspertlərin fikirlərini yayımlayıb.
“Rakuv”un yeni baş məşqçisi David Şvarqanın rəhbərliyi altında göstərdiyi oyun yüksək qiymətləndirilib.
“naWylotTV”nin şərhçisi Kamil Qlemboçki isə Mahir Emrelinin də keçmiş komandasına qarşı çıxışını xüsusi qeyd edib:
“Etiraf etməliyəm ki, belə başlanğıca inanmırdım. “Legiya” öz meydanında məğlub edildi.
Möhtəşəm oyun idi. Bu gün komandanı yalnız tərifləmək olar. Otienoya, Kvyatkovskiyə və müdafiə xəttinə afərin.
Tudor da əla oynadı, təcrübəsi açıq-aydın görünürdü. Emreli qol vurmasa da, qələbədə çox vacib rol oynadı”.
Qeyd edək ki, start heyətində meydana çıxan Emreli ikinci qolun ötürmə müəllifi olub. O, 73-cü dəqiqədə əvəzlənib.
“Rakuv” mövsümə uğursuz başlasa da, yeni baş məşqçi David Şvarqanın rəhbərliyi altında nəticələrini yaxşılaşdırmağa başlayıb.
Hazırda “Rakuv” 14 oyundan 12 xalla turnir cədvəlində 18 komanda arasında 16-cı yeri tutur.
