I Liqada mövsümə uğursuz start verən «Səbail»də vəziyyət gərgindir.
Elnur Abdullayev çempionluq hədəfi ilə yola çıxan komandanı artıq 7 turdan sonra məqsədindən xeyli uzaq salıb. Hazırda 12 xalla turnir cədvəlinin beşinci pilləsində yer alıblar.
Meydanda sərgilənən pis oyun düşərgədə hökm sürən anarxiyanın təcəssümüdür.
Təəssüf ki, «C» kateqoriyalı baş məşqçi hələ də bunu anlamır. Əvəzində isə o, kollektiv daxilində «xain» axtarışına çıxıb.
Necə? Abdullayev saytımızda gedən bir xəbərdən əməlli-başlı əl-ayağa düşüb.
Belə ki, ötən tur «Gəncəbasar»ı Masazırda qəbul edən «dənizçilər» rəqibinə qalib gəlməyi bacarmayıb və 2:2-yə razılaşıb.
Qərblilərlə duelin fasiləsində və final fitindən sonra «Səbail»in düşərgəsində aləm dəyib. Futbolçular bir-birinə «girib». Ara o qədər qızışıb ki, kimsə onları sakitləşdirməyə özündə cəsarət tapmayıb.
Baş məşqçi bu zaman harada olub? Hə, yaxşı sualdır.
Deməli, Elnur Abdullayev yaxınlıqdakı otağa keçərək, orada siqaret çəkib. Qulağı səs-küyü alsa da, paltardəyişmə otağına tərəf yollanmayıb, belə deyək, özünü eşitməzliyə vurub.
Əsəbi futbolçular isə onun taktika lövhəsini yerə çırpıblar.
Bu məlumatın mediaya sızması gənc çalışdırıcını özündən çıxarıb. O, futbolçularla iclas keçirib.
Maraqlısı budur ki, baş məşqçi öz köməkçilərini və digər əməkdaşları da toplantını təşkil etdiyi məkana buraxmayıb.
Oyunçulardan bir neçəsinin redaksiyamıza verdiyi məlumata görə, onlar Abdullayevla bərabər yığıncaq yerinə gəlsə də, sükançı qapını arxadan üzlərinə bağlayıb.
Hətta bəzi klub funksionerləri də ora daxil ola bilməyib. Abdullayev təqribən 15-20 dəqiqə söhbət edib, kollektiv üzvlərinə «vacib mesaj»ını çatdırıb.
Komandadan informasiya çıxmasını pisləyib, amma kimlərdən şübhələndiyini açıqlamayıb. Çempionatın növbəti oyunlarına hazırlaşmalı olduqlarını, rəhbərliyin ona inandığını (?) deyib.
Son hadisə təsdiqləyir ki, Elnur Abdullayev «ip»in ucunu itirib. Özünün seçdiyi yardımçıları iclas zalına buraxmamaq nə deməkdir?
Onlardan kimdənsə şübhələnirsə, niyə yanında saxlayır? Məgər «Səbail» kolxoz bazarıdır?
Yoxsa o, hələ də peşəkar statuslu klubda çalışdığını anlamır?
SPORTİNFO.AZ
