Marko Yohansson mövsümün gedişində "Sumqayıt"a qoşuldu. İlk dəfə "Kəpəz"lə səfər oyununda meydana çıxan əcnəbi qapıçı adından söz etdirməyi bacardı.
Son dəqiqələrdə etdiyi seyvlərlə komandasına mövsümdə ilk səfər xalını daddırmışdı. Qısa müddətdə Xəyal Fərzullayevdən əlcəkləri təhvil alan kiper "kimyaçılar"ın "bir nömrə"si oldu.
Sonrakı görüşlərdə də Yohanssonun bacarıqlı qapıçı olmasına az şahid olmamışıq.
Maraqlıdır, komandaya belə tez uyğunlaşmaq necə mümkün oldu? Umumiyyətlə, göstərdiyi performansdan razıdır, yoxsa daha yaxşısını görə bilərik?
Sportinfo.az-a açıqlamasında futbolçu bu cavabı verib:
"Komandaya uyğunlaşmağımdan məmnunam, lakin özümdən hər zaman daha artığını gözləyirəm. Qapıçı olaraq istəyim sabit çıxış etmək, komandaya inam vermək və lazım olan anlarda vacib qurtarışlar etməkdir.
Hər gün daha da inkişaf etmək və komandama qələbələr qazanmaqda kömək etmək üçün səylə çalışıram".
28 yaşlı isveçli legioner Premyer Liqa ilə bağlı ilkin təəssüratlarını da bizimlə bölüşüb:
"Hələ də liqanı daha yaxından tanımağa çalışıram, lakin ilk təəssüratlarım müsbətdir. Burada yaxşı futbolçular var və hər oyun fərqli sınaqdır. Bu təcrübədən zövq alıram və Azərbaycan futbolu haqqında daha çox öyrənməyi səbirsizliklə gözləyirəm".
XANOĞLAN
