De Byazi ilə Qara arasındakı soyuqluğun səbəbi üzə çıxdı   - FAKT

22 Sentyabr 2022 21:20 Qalmaqal 7 146
De Byazi ilə Qara arasındakı soyuqluğun səbəbi üzə çıxdı   - FAKT

Qara Qarayevin adının Slovakiya və Qazaxıstanla oyunlar üçün açıqlanan siyahıda yer almaması gündəm oldu.

Son iki gündə hər kəs bu mövzuda danışır, kələfin ucunu tapmağa çalışır.

Səbəbkar “instagram” hesabında etdiyi paylaşımda yığmadan kənar qalmasından məyus olduğunu gizlətmədiyini, buna baxmayaraq, baş məşqçi Canni de Byazinin qərarəna hörmətlə yanaşdığını qeyd edib.

İtaliyalı çalışdırıcı isə Azərbaycan mətbuatına açıqlamasında mövzu ilə bağlı qısa danışıb: “Qarayev milliyə dəvət almamasının səbəblərini özü bilir. Buna görə indi bizimlə deyil. İnternetdə, sosial şəbəkələrdə şaiyələr çoxdur”.

Diqqət mərkəzində olan iki şəxsdən heç biri məsələnin kökündə nəyin dayandığını açıqlamaq istəmir. Amma baş məşqçinin söylədikləri ortada ciddi “əmma”nın olmasından xəbər verir. Olayın kökü mütləq ki, bir gün üzə çıxacaq.

Sportinfo.az qısa araşdırmaqla aparmaqla Canni de Byazi ilə ölkənin sayılıb-seçilən futbolçularından olan Qara Qarayevin münasibətlərinin nə vaxt pozulduğunu tapmağa çalışıb.

Əvvəla onu qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2013-cü ildə debüt etdiyi Azərbaycan millisində baş məşqçilərin sevimli futbolçusu olub.

Berti Foqts, Robert Prosineçki, Qurban Qurbanov, Nikola Yurçeviç, hətta Canni de Byazinin özü də Qaraya mütəmadi, həm də əsas heyətdə güvənib.

İtaliyalı mütəxəssis 2020-ci ilin iyulunda yığmanın “sükanı” arxasına keçib. De Byazinin rəsmi debüt oyunu həmin ilin sentyabrına təsadüf edib ki, Qarayev Bakıda Lüksemburqla qarşılaşmada start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb.

“Qarabağ”ın futbolçusu həmin dönəmdə Millətlər Liqasının 6 matçının hamısında ilk “11-lik”də görünməklə 5 görüşdə 90, yalnız Monteneqro ilə səfərdəki dueldə 60 dəqiqə mübarizə aparıb.

Millimiz 2021-in ilk 6 ayında 4 yoldaşlıq görüşü keçirib. İtalyan məşqçi Qarayev sevgisini ona bütün qarşılaşmalarda ilk dəqiqələrdən güvənməklə göstərib və 346 dəqiqə meydanda olmasına şərait yaradıb.

Həmin ilin mart-noyabr aylarında DÇ-2022-nin seçmə mərhələ görüşləri baş tutub.

“Qarabağ”ın bəstəboyu 8 oyunun 6-da baş məşqçinin etimadını qazanıb və start heyətində görünüb, yalnız 2 oyunda kənarda qalıb. Martda Portuqaliya ilə səfər, Serbiya ilə ev oyunlarında meydana çıxmamasının səbəbi zədə ilə bağlı olub.

Azərbaycan seçməsi bu ilin martında Malta və Latviya ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayanda, Qarayev yenə start heyətində yer alıb.

İlk oyunu sona qədər oynayan təcrübəli yarımmüdafiəçi latışlarla qarşılaşmanın 30-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq komanda yoldaşlarını çətin vəziyyətdə qoyub. Və bizimkilər həmin matçı məğlub başa vurub.

Vəssalam! Bununla da Qara Qarayevin “kitabı bağlanıb”.

Düzdür, De Byazi növbəti oyunlar üçün ona təklif göndərib. Amma heç bir halda əsas heyətdə güvənməyib.

Millətlər Liqasının iyunda Qazaxıstan və Belarusla səfərdəki, Slovakiya və Belarusla Bakıda keçirlən görüşlərində Qara Qarayev “23-lük”də yer alıb.

Qazaxıstanla oyunda əvvəldən axıra qədər ehtiyatda qalıb, Belarusla Novi Saddakı dueldə 75-ci dəqiqədə şans qazanıb,

Slovakiya ilə Bakıdakı matçda 55-ci dəqiqədə meydana daxil olub, Belarusla “Dalğa Arena”da keçirilən qarşılaşmada baş məşqçi “Qarabağ”lının xidmətinə ehtiyac duymayıb.

Göründüyü kimi, aradakı münaqişənin başlanğıc nöqtəsi mart ayına söykənir.

Qara Latviyalı ilə görüşdə qırmızı vərəqə almaqla “qara siyahıya” düşüb, iyundakı 4 oyunda isə vur-tut 70 dəqiqə şans qazanıb. Nə olubsa, həmin vaxt olub. Sadəcə açıb danışan lazımdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti