“Sumqayıt” – “Neftçi” qarşılaşmasında meydan sahiblərinin kapitanı, bir də təkrar edirəm, KAPİTANI Səbuhi Abdullazadə rəqib futbolçunu yerə sərməklə açılış turuna damğa vurdu.
Millimizin də şərəfini qoruyan futbolçunun qəzəbi Breno Almeydanın oyunu gecikdirməsiydi ki, Səbuhi bunun cavabını braziliyalıya qarşı təcavüzkar davranışla verdi.
“8 nömrə”nin o hərəkəti edərkən içində nə düşündüyünü özündən yaxşı bilən olmaz. Ancaq mənə elə gəlir ki, o, bu kobudluğu limitə etiraz olaraq etdi.
Necə olur ki, başqa ölkələrdən gələnlər mütəmadi oynayır, yaxşı pul qazanır, torba-torba qollar vurur, azərbaycanlı futbolçular ehtiyatda qalır, qəpik-quruşa oynayır, qol vurmaqda, adını dillərdə əcbər etməkdə çətinlik çəkir.
Legionerlərin Premyer Liqada “at oynatması” tək Abdullazadənin deyil, əksər yerlilərin əsəblərini tarıma çəkib. Limiti aradan qaldıran başbilənlərə söz deyə bilmədikləri üçün çıxış yoolunu gəlmələri yerə yıxmaqda görürlər. Əlacları olsa, paltardəyişmə otağının qapısını içəridən bağlayıb, yazıqları şil-küt edərlər.
Şil-küt demiişkən, bir neçə həftə əvvəl “Qəbələ”nin məşqində də oxşar hadisənin yaşandığı deyilir. Azərbaycanlı futbolçular komandanın yeni legionerlərinə “həyatı başa salmağa” çalışıb.
Fərdlər arasında başlayan mübahisə çox keçmədən qrup şəklində qalmaqala səbəb olub. Yekunda xaricilərə “bura Azərbaycandır” mesajını yeritmək mümkün olub. Hər halda bizə çatan xəbər belədir.
“Qəbələ” dedim, yadıma “Qəbələ”nin hazırda “Neftçi”də top qovan yetirməsi Emil Səfərov düşdü. Bu ilin martında “FİFA Series-2026” turniri çərçivəsində Azərbaycan və Syerra-Leone milliləri qarşılaşırdı.
Epizodların birində rəqib futbolçu nə etdisə, Emil ona yerini göstərməyi özünə borc bildi. “Qulağının dibinə” elə “ilişdirdi” ki, afrikalı “mık” da eləmədi. Başını aşağı salıb heç nə olmamış kimi yoluna davam etdi.
Bu yazını qələmə alanda oxudum ki, “Səbail”in futbolçusu Türkiyədəki yoxlama görüşündə “Sakaryaspor”un türkiyəli futbolçunu boğmağa cəhd edib. Daha doğrusu, boğurmuş, yaxınlıqda olanlar mümkün ölümün qarşısını vaxtında alıb.
Olayın videogörüntüsündən hiss olunur ki, Kənan Quliyevin sərt sürüşmə fəndindən istifadə etməsi rəqib oyunçunun xoşuna gəlməyib, nəticədə ağzından söyüş çıxıb. Kənan da söyüşü qəbul etməyərək onu “məhv etməyə” cəhd edib.
Martdan avqusta qədər olan 5-6 aylıq dönəmdə hamının görüb-bildiyi dörd belə fakt qeydə alınıb. Bütün hallarda azərbaycanlı futbolçular xaricilərə qarşı amansız davranmaqla diqqət çəkib. Bu, hələ gördüklərimiz və bildiklərimizdir. Pərdənin arxasında nələrin yaşandığını Allah bilir.
Belə qənaətə gəlirsən ki, azərbaycanlı futbolçuların xətrinə dəymək olmaz. Topu istəyirsə, verməlisən. Sənə söz deyirsə, yerinə yetirməlisən. Üstünə gəlirsə, qabağından qaçmalısan.
Bunlara əməl etməyən legionerin aqibəti döyülmək, söyülmək, yeri gələndə yerə uzadılmaq olacaq. Bəlkə də gendən gəlir, bəlkə də əsəbləri tarıma çəkilib, bəlkə də Azərbaycan öz güləşi, cüdosu, boksu ilə məşhurdur deyə belədir.
Hər nədirsə, biabırçı vəziyyətdir. Adamlar futbolun oynamağın başını buraxıb keçiblər MMA-ya. Ya uşaqlıq arzuları ürəklərində qalıb, ya da ayaqları yaxşı işləmir deyə, əllərini işə salırlar.
Allah axırın(m)ızı xeyir eləsin.
HƏBİB / SPORTİNFO.AZ
