«Şəfa» rəhbərliyi gözlənilməz addım atıb.
21 ildən sonra elitanın yolunu tutan paytaxt təmsilçisi Saliou Quindonu yenidən Azərbaycana qaytarmağa qərar verib.
İşin qəribə tərəfi nədir?
Malidən olan hücumçu avqustun ilk günlərində ölkəmizə səfər edib. «Şəfa» öncədən anlaşdığı legionerlə həmin vaxt münasibətlərini rəsmiləşdirməyib.
Buna səbəb 29 yaşlı legionerin sağlıq durumudur.
Belə ki, adıçəkilən forvard Bakıda tibbi yoxlanışdan keçə bilməyib. Mali yığmasının üzvünün ürəyində problem aşkarlanıb.
Quindo bir daha Azərbaycana dəvət olunub ki, başqa bir klinikada müayinədən keçsin.
O, son olaraq Albaniyada çıxış edib və «Dinamo Siti»nin şərəfini qoruyub.
Afrikalı forvard indiyədək Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Fil Dişi Sahili, Tunis, Türkiyə, Hindistan, İsrail və Yunanıstanda çıxış edib.
Deyəsən, «Şəfa»nın başbilənləri problemin mahiyyətini və ciddiliyini tam mənasıyla dərk eləmir. Bir futbolçuya görə dil-dilə düşmək, narahatlıq yaşamaq istəyirlər. Axı ürəklə zarafat etmək olmaz.
Bildiyimizə görə, Quindo ayın əvvəlində Bakının ən tanınmış klinikalarının birində yoxlanılıb. Həkimlər ürəyində mövcud olan problemə görə kluba xəbərdarlıq edib.
Bildiriblər ki, o, meydana çıxarsa, narahatlıq yaşayacaq, bu da böyük riskdir. Qısa müddət ərzində nə dəyişdi ki, klub növbəti dəfə xərc çəkərək, afrikalı əcnəbini bura gətirməyi lazım sayır?
Əcəllə çiling-ağac oynamaqmı istəyirlər? Olmaya həmin klinikanın həkimlərinə daha inanmırlar?
Şər deməsək, xeyir gəlməz - Quindoya «təmiz diaqnoz» qoyulsa və sabah burada başına hansısa iş gəlsə, buna kim cavab verəcək? Ağrımayan başlarına niyə dəsmal bağlayırlar?
Guya, hər işləri qaydasında gedir, bircə qalıb bu. Futbolda dilitant adamlardır da, burunlarının ucundan o yanı görmürlər.
SPORTİNFO.AZ

