«Qəbələ»nin prezidenti Fariz Nəcəfov şok addım atıb.
Bu barədə klubdan məlumat əldə etmişik.
Belə ki, o, Premyer Liqanın üçüncü turunda «Şamaxı» ilə evdə qolsuz heç-heçə edən komandanın paltardəyişmə otağına daxil olub.
Əsəbindən özünə yer tapa bilməyən başqan maketi yerə çırpıb.
Əsəbi soyumayan rəhbər su qablarını təpikləyib. Həmçinin kollektiv üzvləri ilə çox sərt formada danışıb.
Nəcəfov çempionatın ilk üç həftəsində qol vura və qələbə qazana bilməyən futbolçulara bunun bağışlanmaz hal olduğunu bildirib, mütləq surətdə tədbirlər görəcəyini açıqlayıb.
Prezident deyib ki, «Qəbələ»ni bu vəziyyətdə görmək istəmir və günahkarları tapıb üzə çıxaracaq.
«Belə gedə bilməz» ifadəsini işlədən klubun birinci şəxsi qeyd edib ki, o, bundan sonrakı oyunlarda yalnız qalibiyyət gözləyir.
«Qəbələ»də hər kəsi heyrət içində boğan isə Fariz Nəcəfovun bu qədər özündən çıxmasıdır. O, çox nadir hallarda komanda ilə görüşər, nəsə söz deyir.
Adətən, sakitliyini qoruyar, hər hadisəyə reaksiya verməz.
Bu isə ilk belə hadisədir. Görün, Kaxaber Sxadadzenin yarıtmaz fəaliyyəti onu necə çilədən çıxarıbsa, səbri basmağı çıxış yolu saymayıb.
SPORTİNFO.AZ
