“Səbail”lə “Sakaryaspor” arasındakı yoxlama matçı Azərbaycan və Türkiyə mediasının gündəmini zəbt etdi.
Təbii ki, oyun və yekun nəticə ilə yox, qarşılaşmanın gedişində baş vermiş olayla.
Epizodların birində Kənan Quliyev sürüşmə fəndini sərt şəkildə yerinə yetirir, rəqib futbolçu yerdə qalır,
Kənan cərimə meydançasına doğru addımlayarkən birdən ayaq saxlayıb geri qayıdır və az öncə sürüşmə fəndi tətbiq etdiyi futbolçunun boğazından yapışır. Sonrası məlumdur, ara qarışır, məzhəb itir, işə polis qarışır.
Əldə etdiyimiz məlumata görə, münaqişənin baş verməsinə türk futbolçunun söyüş söyməsi səbəb olub. Dillərimiz oxşar olduğundan, Kənan rəqibin ağzından çıxan sözün fərqinə varıb və bu üzdən rəqibin üzərinə hücum edib.
Maraqlıdır, hadisənin sonrakı axarı necə olub? Futbolçular polis bölməsinə aparılıb? Klub və komanda rəsmiləri arasındakı münasibətlər necə sonuçlanıb? Futbolçular arasında barışıq əldə olunub?
“Səbail”in mətbuat katibi Rəşad Məmmədov olayla bağlı Sportinfo.az-a açıqlama verib:
“Yoxlama görüşü olsa da, oyun sərt mübarizə şəraitində keçdi. Qarşılaşmanın gedişində futbolçular arasında xoşagəlməz insident yaşandığını bilirsiniz.
Lakin oyun başa çatdıqdan sonra hər iki komandanın futbolçuları və rəhbərləri xoş münasibət çərçivəsində ayrıldılar.
Futboldur, xüsusilə yoxlama oyunlarında belə hallar baş verə bilər.
Burada məsələni şişirtməyə ehtiyac yoxdur. Əsas olan odur ki, oyundan sonra hər iki komanda bir-birinə xoş münasibət göstərərək sağollaşdı”.
HƏBİB
