O da Qurbanovun ayaqqabısını geyinib, bəhanə gəzir

10 May 2022 17:40 Şamaxı 816
O da Qurbanovun ayaqqabısını geyinib, bəhanə gəzir

20 gündür «Şamaxı»nın başında olan Rüstəm Əliyev «Sumqayıt»a uduzduqları oyundan sonra fubolçularından şikayətlənib.

Deyib ki, onlarda istək çatışmır, fiziki hazırlıqları zəifdir.

Onu da deyib ki, meydana buraxdıqlarının əksəriyyəti gözləntilərini doğrultmayıb, hətta onları tanımağa çətinlik çəkib.

Eh, dünənə kimi belə şikayətləri Sənan Qurbanovdan eşidərdik.

Yerinə gələn də, deyəsən, onun ayaqqabısını geyinərək, yerişini yerimək həvəsinə düşüb, beləliklə, uğursuz gedişatda özünün müqəssir olmaması qənaətini formalaşdırsın.

Rüstəm Əliyevi əsas komandaya «bir köynək» yaxın olan əvəzedici heyətdən gətiriblər. Özünün də etiraf etdiyi kimi, Sənan Qurbanovun daha əvvəl istefa verəcəyini gözləyirmiş.

Ola bilməz ki, Qurbanovun iş başında olduğu vaxtlarda komandanı izləməsin, oyunlarını təhlil etməsin. Yəni ki, hara gəldiyini anlayırdı.

Hələ onda görürdü ki, futbolçuların «fizika»sı aşağıdır, qazanmaq istəkləri yoxdur. Aradan ötən 20 gün ərzində nə iş görüb bəs? O da Sənan Qurbanovun sözünü təkrarlayacaqdısa, day nə oldu?

Üzr istəmək lazım deyil e, ortaya əməl qoymalıdır. Sənan Qurbanov bunu bacarsaydı, elə qalardı da özü üçün.

Göndərildisə, deməli, Rüstəm Əliyev onun öhdəsindən gəlmədiyi problemləri aradan qaldırmalıdır. Daha gətirilməyib ki, köhnə palan içi töksün, Qurbanovun izindən getsin.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti