Kişilər və qadınlar… Bu, futbola neçəyə başa gəlir?

20 Mart 2023 03:30 İngiltərə 701
Kişilər və qadınlar… Bu, futbola neçəyə başa gəlir?

2023-cü ildə qadınlar arasında dünya futbol çempionatının mükafat fondu 150 milyon dollar olacaq.

Sportinfo.az xəbər verir ki, bu, 2015-ci illə müqayisədə on dəfə, 2019-cu illə müqayisədə üç dəfə çoxdur.

Kişilər arasında dünya çempionatı ilə müqayisə etdikdə isə hələ də azdır. 2022-ci ildə Qətərdə reallaşan dünya çempionatının mükafat fondu 440 milyon dollar olub.

2023-cü ildə qadınlar arasında dünya çempionatı Avstraliya və Yeni Zelandiyada baş tutacaq.

FİFA prezidenti Canni İnfantino bu çempionatda oyunçuların yarış keçirilən məkana çatdırılması, yerləşdirilməsi, xüsusi düşərgələrin ayrılması baxımından yaradılan şəraitin 2022-ci ildəki çempionatdan fərqlənməyəcəyini vurğulayıb.

O bəyan edib ki, dünya çempionatlarında gender bərabərliyinə riayət edilməsi vacibdir.

Canni İnfantino bu istiqamətdə işlərin davam etdirildiyini və dünya futbol çempionatlarında qadın və kişi oyunçuların paritet qaydada məvacib alması məsələsinin 2026-cı ildə kişilər, 2027-ci ildə qadınlar arasında keçiriləcək çempionatlarda həll olunacağına ümidini ifadə edib.

FİFA-nın qadın oyunçular üçün xüsusi marketinq konsepsiyası hazırlayacağını söyləyən Canni İnfantino məvacibdə paritet əldə etməyin bir xeyli dərəcədə sponsor və yayımçılardan asılı olduğunu da vurğulayıb.

FİFA prezidenti qadınlar arasında dünya çempionatını işıqlandırmaq üçün kişilərin çempionatı ilə müqayisədə on dəfə, bəzən yüz dəfə aşağı məbləğ təklif edən yayımçılardan narazılığını çatdırıb, onları qınayıb.

2022-ci ilin oktyabrında 150 futbolçu FİFA-ya müraciət edərək futbol üzrə dünya çempionatlarında qadın oyunçular üçün bərabər şərait yaradılmasını istəmişdi.

Digər Xəbərlər
Xəbər Lenti