"Qurban Qurbanova 3-4 il vaxt verilib ki..."

5 Aprel 00:40 Azərbaycan Futbolu 5 410
"Qurban Qurbanova 3-4 il vaxt verilib ki..."

"AFFA-nın yeni rəhbərliyi formalaşıb.

İcraiyyə Komitəsinin yeni tərkibində olanları da yaxşı tanıyıram.

Ölkə futbolu adına onlardan gözlənti çoxdur. Çalışmaq lazımdır ki, milli və digər komandalar daha da güclənsin.

Sportinfo.az xəbər verir ki, bunu teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.

O qeyd edib ki, ölkədəki komandaların ən azı “Qarabağ” səviyyəsində çatması, daha da inkişafı arzulanır:

“Təbii ki, buna qısa zamanda nail olmaq da çətindir. “Qarabağ” klubu da birdən-birə formalaşmayıb. Klubun baş məşqçisi Qurban Qurbanova 3-4 il vaxt verilib ki, komandanı toparlasın, formalaşdırsın.

Misal üçün “Neftçi” ildə üç dəfə baş məşqçi dəyişir. Belə olan komanda formalaşa bilməz. Digər klublarda da eyni vəziyyətdir”.

Millət vəkili hesab edir ki, klubların inkişafı üçün şərait yaradılmalıdır:

“Uşaq futbolu inkişaf etdirilsə, milli komanda toparlana biləcək. Milli komandaya elə adam gətirilməlidir ki, o, iş görə bilsin.

Klublara gətirilən baş məşqçilərlə müqavilə bağlananda qarşılarına şərt qoyulmalıdır. Bu şərtlər təmin olunmasa, məşqçilərlə müqavilə pozulmalı və onlara təzminat verilməməlidir”.

Aqil Abbas hesab edir ki, AFFA-nın yeni rəhbərliyi yeniliklər edəcək:

“Köhnə rəhbərlik də stadion tikib, komandalara yardım edib. AFFA-nın keçmiş rəhbəri Rövnəq Abduallayevin də müəyyən fəaliyyəti olub. Bunu inkar etmək lazım deyil.

Çox istərdik ki, Ramin Musayev (PFL-Peşəkar Futbol Liqasının prezidenti 2008-2022) yenidən futbola qayıtsın. O, futbolu bilən adamdır, kənarda qalmamalıdır”.

Deputatın fikrincə, ölkə futbolu adına yüksək liqada komandaların sayının artırılması ilə bağlı səslənən fikirlər inam yaradır ki, yeniliklər olacaq:

“İnanırıq ki, yeni rəhbərlik Azərbaycan futbolunda dönüş yaradacaq. Təbii ki, bu, bir ilin işi deyil. Xüsusi ilə milli komanda üçün bu proses 3-4 il çəkəcək.

Rövnəq Abdullayevdən sonra olan rəhbərlik islahatlar aparmalıdır. Aparmasa daha niyə gəlirdi ki?.. Rövnəqin “kral öldü, yaşasın kral” deyimini də çox müzakirə etmək lazım deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU