"Sportinfo TV"də yayımlanan "Sport Xəbər"in növbəti buraxılışı hazırlanıb.
Aytən Mustafayevanın təqdimatında izləyicilərin diqqətinə bir neçə məlumat çatdırılıb.
Bildirilib ki, "Şəfa"da problemlər bitmir. Luis Felipenin zədəsi gözləniləndən daha ciddi imiş.
Premyer Liqanın dördüncü turunda keçirilən "Neftçi" ilə matçın (1:4) gedişində xəsarət alan və 62-ci dəqiqədə Nahid Əliyevlə əvəzləyən braziliyalı hücumçu daha bir müddət yaşıl sahələrdən kənarda qalacaq.
Müayinə zamanı cənubi amerikalı forvardın sağ ayaq topuğunda iki şişin əmələ gəlməsi üzə çıxıb.
Həkimlər "sambaçı"nın ötən tur "Sabah"la olduğu kimi, üzümüzə gələn "Qarabağ"la oyunu da kənardan izləməsi gərəkdiyini bildirblər.
Ümumiyyətlə, ön xətt adamının sentyabrın sonunadək gözləməsi gərəkdiyini deyiblər. Onlar 25 yaşlı əcnəbiyə məsləhət görüb ki, fərdi məşqlərə başlamağa tələsməsin.
Digər xəbərdə qeyd olunub ki, AFFA aşağı yaş qrupları üzrə yığmalara aid yeni metoda keçib. Qurum bundan sonra yalnız millilərin baş məşqçilərinə əməkhaqqı ödəyəcək.
Onların köməkçiləri isə məvacib almayacaq. Yardımçılara «qonorar» ödəniləcək. Bu məbləğ isə həmin mütəxəssislərin düşərgədə keçirəcəyi günlərin sayına əsasən hesablanacaq. Burada məşqə çıxacaqları hər gün üçün 330 manat qazanacaqlar.
Həmçinin diqqətə çatdırılıb ki, "Neftçi"nin hücumçusu Bassala Sambu "Turan Tovuz"la danışıqlar aparır.
İngiltərəli hücumçu onun xidmətində maraqlı olan qərb klubundan kifayət qədər yüksək məbləğ istəyib. Britaniyalı aylıq 20 min dollar maaş tələb edib.
Bu arada "Neftçi"rəhbərliyi Sambu ilə yollarını ayırmağa hazırdır. Bu, həm yönətimin, həm də Yuri Vernidubun istəyidir.
İdarəçilər baş məşqçinin xidmətinə həvəssiz yanaşdığı əcnəbi ilə görüşmələri son günlər bir qədər də intensivləşdirib.
Ukraynalı çalışdırıcının mövqeyi adıçəkilən legionerə çatdırılıb, bildirilib ki, 2027-ci ilin yayında bitəcək müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək niyyətləri var.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
