Gəncə futbol şəhəridir. “Kəpəz”in üç il aradan sonra doğma arenasına qayıdışı bunu əyani şəkildə göstərdi. Tibunalar demək olar ki, hər oyunda dolur.
Eyni vaxtda Gəncədə başqa bir gözəl hadisə də yaşandı. Şəhərin ikinci klubu "Gəncəbasar” yarandı.
Bu komanda da Gəncəni təmsil edir. Təbii ki, bir şəhərdə iki klubun olması gələcəkdə derbi, ciddi rəqabət və futbol mühitinin daha da canlanması deməkdir. Üstəlik, hər iki komanda ev oyunlarını Gəncə şəhər stadionunda keçirir.
Artıq bu rəqabətin ilk işartılarını sosial şəbəkələrdə hiss etmək mümkündür. “Kəpəz” mövsümə heç də uğurlu başlamayıb. Komanda geridə qalan dörd turda cəmi bir qələbə qazanıb. Xüsusilə son turda doğma meydanda “Şamaxı”ya məğlubiyyət azarkeşlərin narazılığını daha da artırıb.
Əvəzində qısa müddətdə formalaşdırılan “Gəncəbasar” Birinci Liqaya ardıcıl iki qələbə ilə başlayıb.
Artıq yerli publikada müəyyən mənada iki cəbhənin formalaşdığı da hiss olunur. “Gəncəbasar” azarkeşləri sosial şəbəkələrdə qarşı tərəfə, xüsusilə “Kəpəz” rəhbərliyinə atmacalar atmağa başlayıblar.
Onların arqumenti isə belədir: vaxtilə “Kəpəz” rəhbərliyində təmsil olunan İlqar Nadiri qısa müddətdə yeni komanda yaradıb və həmin komanda Birinci Liqada ardıcıl qələbələr qazanır.
Burada daha bir məqam xüsusi vurğulanır: “Gəncəbasar” daha aşağı büdcə ilə formalaşdırılmış komandadır. Buna baxmayaraq, startı uğurludur. Əvəzində daha böyük büdcəyə, Premyer Liqa təcrübəsinə və daha geniş imkanlara malik “Kəpəz” məğlubiyyətləri sıralayır.
Bir tərəfdə daha böyük büdcəsi olan, daha geniş imkanlara malik, oyununa 15 min azarkeş gələn “Kəpəz”.
Digər tərəfdə daha aşağı büdcə ilə yaradılan, oyunlarına min, min beş yüz azarkeş gələn “Gəncəbasar”.
Bir sözlə, hər ötən gün bir şəhərin iki komandası arasında atmacalar artır, rəqabət formalaşır.
Sevinməmək mümkün deyil. Axı inkişaf məhz bundan keçir. Futbolumuza xeyirli olsun!
XANOĞLAN/ SPORTİNFO.AZ
