Azərbaycan klublarının kabusu - Yenə bizi qorxudurlar!

Azərbaycan klublarının kabusu - Yenə bizi qorxudurlar!

“Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində ilk qələbəsini qazanacağına ümid böyükdür.

İlk turda səfərdə “Mançester Yunayted” kimi nəhəngə uduzan təmsilçimiz bu dəfə son Çexiya çempionu “Slaviya”nı məğlub etməyi qarşısına məqsəd qoyub.

Düzdür, Praqa təmsilçisinin avrokubok təcrübəsi kifayət qədər zəngindir. Son illərdə həm Avropa Liqasının, həm də Konfrans Liqasının 1/4 final mərhələsinə qədər irəliləməyi bacaran Çexiya nəhəngi Avropanın bir sıra güclü klubları ilə qarşılaşıb.

Ancaq bütün bunlar “Sabah”ın qarşısına qoyduğu məqsədi dəyişmir. “Çəhrayı-qaralar” doğma meydanda qələbə qazanaraq tarixində yeni səhifə açmaq istəyir.

“Sabah”ın hədəfə çatması üçün hansı amillər ümid verir? Qarşıdakı görüş öncəsi diqqət çəkən üç mühüm məqam var.

1. “Sabah” hazırda yaxşı formadadır. Komandada zədə problemi ilə bağlı vəziyyət də ümumilikdə ürəkaçandır.

Yalnız Stiv Solvetin zədə səbəbindən qarşılaşmanı kənardan izləyəcəyi ehtimal edilir. Digər futbolçuların isə baş məşqçinin sərəncamında olması komandanın qələbə imkanlarını artırır.

Üstəlik, bu dəfə “Sabah” doğma azarkeşlərinin dəstəyini hiss edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada tribunaların dolması və azarkeşlərin fəal dəstəyi komandaya əlavə motivasiya verə bilər. Belə oyunlarda meydan amili nəticəyə birbaşa təsir göstərir.

2. Çexiya təmsilçisinin son səfər oyunlarındakı nəticələri “Sabah” üçün daha bir ümidverici məqamdır. “Qırmızı-ağlar” avrokuboklarda keçirdiyi son 7 səfər qarşılaşmasının 6-da məğlub olub, yalnız birində heç-heçə edib.

“Slaviya” həmin 7 oyunda cəmi bir dəfə rəqib qapısına yol tapıb. Belə statistika istər-istəməz rəqibin səfərdəki çıxışı ilə bağlı müəyyən suallar yaradır.

3. “Slaviya” Azərbaycan klublarının kabusudur. Bəlkə də ən maraqlı məqam budur. “Slaviya” indiyədək Azərbaycan klubları ilə qarşılaşmalarda uğurlu nəticələr qazanıb və paytaxtımızda keçirdiyi oyunlarda təmsilçilərimizə ciddi zərbə vurub.

2000/01 mövsümündə Çempionlar Liqasında mübarizə aparan “Şəmkir” ilk təsnifat mərhələsində Latviya “Skonto”sunu keçsə də, növbəti mərhələdə məhz “Slaviya”ya uduzmuşdu.

Çexiyadakı ilk oyunda 0:1 hesabı ilə məğlub olan bölgə təmsilçisi Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab qarşılaşmasında da rəqibinə müqavimət göstərə bilməmişdi – 1:4.

Altı il sonra, 2006/07 mövsümündə püşk yenidən “Slaviya”nı Azərbaycan klubuna rəqib etmişdi. Maraqlıdır ki, bu dəfə də Praqa təmsilçisinin qarşısına başqa bir bölgə təmsilçisi - “Karvan” çıxmışdı.

İlk mərhələdə Trnava “Spartak”ını keçən keçən yevlaxlılar ikinci mərhələdə “Slaviya”ya rəqib olmuşdu. Praqada qolsuz heç-heçə edən yevlaxlılar Bakıdakı dueldə “Şəfa” stadionunda keçirilən dueldə 0:2 hesabı ilə uduzmaqla mübarizəni dayandırmışdı.

Odur ki, “Slaviya” Bakıya əvvəlki iki səfərində həm “Şəmkir”i, həm də “Karvan”ı məğlub edib. İndi isə çexiyalıların qarşısında tamam başqa bir rəqib – heyəti güclü, büdcəsi zəngin, iddiası yüksək olan “Sabah” dayanıb.

Üstəlik, bu dəfə oyun daha böyük arenada – Bakı Olimpiya Stadionunda keçiriləcək.

“Sabah” həm “Slaviya”nın Azərbaycan komandaları üzərindəki üstünlüyünə son qoymaq, həm də Çempionlar Liqasının liqa mərhələsində ilk qələbəsini qazanmaq üçün bütün mümkün variantlardan istifadə edəcək.

Oktyabrın 13-də baş tutacaq “Sabah” – “Slaviya” qarşılaşması saat 20:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti