“Sabah”ın yarımmüdafiəçisi Velko Simiç Misli Premyer Liqasının yeddinci turunda “Neftçi” ilə keçirilən və 0:0 hesabı ilə başa çatan görüşü şərh edib.
Sportinfo.az xəbər verir ki,serbiyalı legioner milli komandaların oyunları ilə əlaqədar yaranan fasilənin komandanın çıxışına təsir etdiyini bildirib.
“Düşünürəm ki, bu, bizim üçün ən yaxşı oyun deyildi. Üç həftəlik fasiləmiz oldu və komandanın böyük hissəsi milli komandaların düşərgəsində idi. Hətta birlikdə məşq etməmişdik.
Ona görə də oyun ritmimizin bir qədər çatışmadığı hiss olunurdu. Amma ciddi problem yoxdur. Bir xalla kifayətlənirik və yolumuza davam edirik”.
Simiç Çempionlar Liqasında Praqa “Slaviya”sı ilə keçiriləcək ev oyununun “Neftçi” ilə qarşılaşmaya köklənmələrinə təsir etmədiyini vurğulayıb.
Onun sözlərinə görə, futbolçular bütün diqqətlərini çempionat matçına yönəldiblər və sabahdan etibarən Çempionlar Liqasındakı görüşə hazırlaşacaqlar.
